Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də
Avropa İttifaqının
xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa
Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.
Görüş zamanı Kaya Kallas bildirib ki, Avropa İttifaqı Azərbaycanla
əməkdaşlığa yüksək önəm verir və bu əlaqələrin daha da
genişləndirilməsində maraqlıdır. O, enerji sahəsindəki tərəfdaşlığı
xüsusi vurğulayaraq qeyd edib ki, Azərbaycan Avropanın enerji
təhlükəsizliyində
vacib və etibarlı tərəfdaş kimi çıxış edir.
Avropa rəsmisi həmçinin Azərbaycanın nəqliyyat sahəsindəki regional
rolu və geosiyasi əhəmiyyətinə toxunub. Onun sözlərinə görə,
Azərbaycan həm region daxilində, həm də daha geniş coğrafiyada
strateji əhəmiyyətə malik ölkədir.
Prezident İlham Əliyev öz növbəsində vurğulayıb ki, Azərbaycan
artıq Avropa İttifaqının 8 üzvü də daxil olmaqla Avropanın 10
ölkəsinə qaz ixrac edir. O, Cənub Qaz Dəhlizinin fəaliyyətə
başlamasından 4 il keçdiyini və bu müddət ərzində Avropanın qaz
təchizatında mühüm rol oynadığını qeyd edib.
Dövlət başçısı əlavə edib ki, Azərbaycanın Avropa İttifaqı
ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində uğurlu dialoqu
var və tərəflər arasında bərpaolunan enerji sahəsində də əməkdaşlıq
üçün geniş potensial mövcuddur. Xüsusilə, Xəzər dənizinin
Azərbaycan sektorundakı külək enerjisi ehtiyatlarının bu
istiqamətdə yeni imkanlar yaratdığını bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya
ölkələri ilə birlikdə Transxəzər bərpaolunan enerji dəhlizinin
inkişafında, eləcə də Gürcüstan, Rumıniya, Macarıstan və
Bolqarıstanın qoşulduğu Qara dəniz istiqamətli layihələrin həyata
keçirilməsində fəal rol oynayır.
Görüşdə, həmçinin Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin
olunması məsələləri də müzakirə edilib. İlham Əliyev bildirib ki,
Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində
ikitərəfli əsasda danışıqlar aparılır.
Tərəflər görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı da fikir mübadiləsi aparıblar.