Dünən, 13 iyul, gecə saatlarında Tskaltubo küçəsində gənclər
arasında olan şifahi və fiziki qarşıdurma zamanı atışma da
olub.
"Mtavari” kanalının verdiyi məlumata görə, qarşıdurmada təxminən 15
nəfər iştirak edib. Onlar polis gələnədək hadisə yerindən
qaçıblar.
"Səs-küy və dava baş verən park balkonumun altındadır.
Şifahi təhqir də var idi, fiziki zərbə səsi də aydın eşidilirdi.
Sonra bir neçə nəfər bu əraziyə doğru irəliləməyə başladı. Bir
nəfər yıxıldı, onu bir neçə nəfər vururdu, sonra izdiham binaya
çatan kimi silah səsləri eşidildi”, — deyə həmin
məhəllədə yaşayan deputat Lela Keburiya bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gürcüstan Cinayət
Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq odlu
silah əldə etmə və ya saxlama) və 239-cu maddəsinin 3-cü hissəsi
(odlu silah və ya digər əşyalarla törədilən xuliqanlıq) ilə
istintaq başladılıb. Qurumdan baş verən hadisə nəticəsində hər
hansı bir insanın xəsarət aldığını və ya saxlanıldığını
bildirməyiblər.