Marneulidə baş vermiş qətl hadisəsi ilə bağlı üç nəfər saxlanılıb
3 gündür ki, axtarılan Dmanisi bələdiyyəsinin İpnari (Kirov) kənd sakini C.Ə.-nin cəsədi Marneulidə, Algeti çayının sahilində tapılıb.

Onun qətlə yetirildiyi güman edilir.

29 yaşlı gənc Dmanisi-Marneuli xətti üzrə mikroavtobus sürücüsü kimi fəaliyyət göstərirmiş.

Mərhumun cəsədi ekspertizaya aparılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qətl hadisəsi ilə bağlı üç nəfər saxlanılıb. Onlardan 2 nəfəri qəsdən adam öldürmə, bir nəfəri isə cinayət barədə məlumat verməmə ittihamı ilə saxlanılıb.

“Daxili İşlər Nazirliyi Kvemo Kartli Polis Departamentinin əməkdaşları Marneuli Bələdiyyəsində qəsdən adam öldürmə faktı ilə bağlı həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində keçmişdə məhkumluq həyatı yaşamış 1992-ci ildə anadan olmuş O.T., 1986-cı ildə anadan olmuş O.Q. və keçmişdə məhkumluq həyatı yaşamış 1992-ci ildə anadan olmuş S.A.-nı saxlayıblar.
O.T və O.Q. əvvəlcədən razılaşdırılaraq bir qrup tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilməkdə və qrup tərəfindən amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunurlar. Hüquq mühafizəçiləri S.A.-nı isə xüsusilə ağır cinayət barədə məlumat verməmək ittihamı ilə həbs ediblər.

O.T. və O.Q. tərəfindən törədilən cinayətə görə 7 ildən 17 ilədək, S.A. tərəfindən törədilən cinayətə görə isə 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.
İstintaq nəticəsində aydın olub ki, O.T. və O.Q. bu il sentyabrın 18-də Marneuli bələdiyyəsində qisas məqsədi ilə tanışları, 1993-cü ildə anadan olmuş C.Ç.-ni zor tətbiq edərək qanunsuz olaraq azadlıqdan məhrum ediblər və əl-ayaqlarını bağlayıblar. Müttəhimlər daha sonra onu O.Q.-nin idarə etdiyi maşınla Marneuli bələdiyyəsinin kəndlərindən birinə aparıblar, bədəninə ağır əşya bağlayıblar və suvarma kanalına atıblar, nəticədə C.Ç. dünyasını dəyişib.

İstintaq nəticəsində məlum olub ki, O.T. və O.Q.-nin törətdikləri cinayət zamanı onların dostu S.A. da orada olub, lakin törədilmiş cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.
İş üzrə aparılan intensiv axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları təqsirləndirilən hər üç şəxsi Marneulidə saxlayıblar.

Əvvəlcədən razılaşdırılaraq bir qrup tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə, qrup tərəfindən amansızlıqla qəsdən adam öldürmə və xüsusilə ağır cinayət barədə məlumat verməmə faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin "a" bəndi, 109 -cu maddəsinin 2-ci hissəsinin “e” bəndi və 376 -cı maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır”
, – Daxili İşlər Nazirliyinin bəyanatında qeyd olunub.


Marneuli radiosu

Print ელ. ფოსტა
FaceBook Twitter Google