VMH Darğallının Leyboristlər partiyasının üzvünü onların tərəfdaşının bıçaqlaması ilə bağlı ittihamını təkzib edir
Marneuli bələdiyyəsinin Daştəpə kəndində, 52 saylı seçki məntəqəsində, 2 oktyabr tarixində Leyboristlər partiyasının dəstəkçisi bıçaqlanıb. Milli Hərəkat partiyasının Marneuli rayon təşkilatının nümayəndəsi Qivi Kveladze hadisəyə münasibət bildirib. Kveladze hadisəni VMH-ın tərəfdaşının törətməsi ilə bağlı ittihamları təkzib edir.

“Artıq 20 ildir Milli Hərəkatın üzvüyəm. Biz tez-tez toplaşırıq. Ona görə partiya tərəfdaşlarını və üzvlərin hamısını tanıyıram. Bu şəxsi isə heç vaxt görməmişəm. Bu adamın kriminal keçmişi var. Təxminən 30 il həbsxanada oturub. İndi isə dəqiq bilirəm və bunu Daştəpə kənd sakinləri də təsdiq edər ki, bu adam Zaur Darğallının dediyi kimi “VMH”-ın deyil, “Gürcü Arzusu”-nun fəal tərəfdaşıdır”, – Kveladze bildirdi.

2 oktyabr tarixində, Parlamentin deputatı Zaur Darğallı Daştəpə kəndində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bildirmişdi ki, “Gürcü Arzusu”-nun tərəfdaşlarının, fəalların hadisə ilə əlaqəsi yoxdur. Onun sözlərinə görə, insdent VMH və Leyboristlər partiyasının nümayəndələri arasında baş verib.

“Marneuli” radiosu məsələ ilə bağlı Leyboristlər partiyasının Marneulidəki lideri Əli Bədirovla əlaqə saxladı. O, təsdiq edir ki, seçki günü onun tərəfdaşını bıçaqlayan “Gürcü Arzusu”-nun nümayəndəsidir və kriminal keçmişi var.

“Bu cinayəti törətmiş adam kriminal keçmişə malikdir və “Gürcü Arzusu”-nun dəstəkçisidir. Ancaq onların şəxsi münasibətlərində problemləri olduğunu deyə bilmərəm. Leyboristlər partiyasının tərəfdaşı əməliyyat olunub, qarın nahiyəsindən xəsarət almışdı və dünən bizim liderimiz, Şalva Natelaşvili onu ziyarət etməyə gəlmişdi”, – Bədirov dedi.

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamenti Marneuli bələdiyyəsinin Daştəpə kəndində yerləşən 52-saylı seçki məntəqəsində baş vermiş qarşıdurma faktı ilə bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google