Marneuli sakinləri sabahdan öz məhsullarını sata biləcəklər.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Bələdiyyə
Məclisi sədrinin müavini Mamuka Naveriani verib. Onun sözlərinə
görə, böyük şirkətlərdən biri ilə danışıqlar uğurla nəticələnib və
onlar Marneulidən məhsulları karantin rejiminə reiayət edərək
aparacaqlar.
“Bu gün topdansatış şəbəkələrindən birinin nümayəndələri gəlmişdi.
Sabahdan məhsulların aparılmasına başlanılacaq. Biz Bələdiyyə
Məclisinin deputatları və inzibati ərazi vahidlərindəki icra
nümayəndələri ilə birlikdə kompleks şəkildə işlədik. Baza yaradılıb
və bu mərhələdə Marneulidə nə qədər məhsulun olması ilə bağlı 80%
dəqiqliklə qeydlər aparılıb”, – Mamuka Naveriani dedi
və əlavə etdi ki, məhsulunu satmaqda problemi olan vətəndaşlar kənd
icra nümayəndələrinə və ya Bələdiyyə Məclisinin majoritar
deputatlarına müraciət edə bilərlər. Məhz onlar bələdiyyə və onlar
arasında vasitəçi olacaqlar.
“Bu mərhələdə söhbət kələm, kartof və göyərti, müəyyən
qədər turpdan gedir. Əsas odur ki, məhsulların aparılması zamanı
karantin prinsipləri pozulmasın, bir neçə nəfər öz məhsullarını bir
yerə toplayacaqlar ki, daha az təmas olsun. Yük maşınları
məhsulları yükləyəcək və ödəniş də nağd
olacaq.”
Naverianinin sözlərinə görə, bu məhsulu Marneulidən çıxaracaq
yeganə topdansatış şirkəti deyil. Digər ticarət obyektləri ilə də
danışıqlar aparılır ki, cavabları yaxın gələcəkdə məlum olacaq.
“Qeyd etmək istəyirəm ki, karantin rejimi elan olunanda
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Marneuliyə gəldilər. Bu
proseslər onların vasitəçiliyi ilə baş
tutdu.”
Marneuli bazarının ərazisi 6 aprel tarixində tamamilə bağlandı.
Bazar rəhbərliyindən bildirirlər ki, hazırda bazarda dezinfeksiya
işləri həyata keçirilir, bazarın nə vaxt açılacağı isə dəqiq məlum
deyil.