Peyvənd vurdurmaq üçün neçə nəfər Marneuli sakininin qeydiyyatdan keçdiyi məlum deyil
5 may tarixindən sonra Marneulidə peyvəndin vurulması prosesi fəal şəkildə aparılır. Bu barədə “Geo Hospitals” çoxşaxəli tibb mərkəzinin direktoru İoseb Mqaloblişvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi. Mqaloblişvilinin sözlərinə görə, 18 yaşdan yuxarı olan əhaliyə peyvənd vurulmasına başlandıqdan sonra Marneulidə də peyvənd vurduranların sayı artıb.

“Sinopharm” vaksini də gətirildi. İki gün “Astrazeneka” iki gün “Sinopharm” peyvəndi vurulur. “Sinopharm” peyvəndini daha çox vurduranlar var. Çünki bildiyiniz kimi bu vaksin bütün yaş qruplarını əhatə edir. Peyvənd vurdurmaq istəyənlər artıq iki həftə əvvəldən yerləri tutub və demək olar 100% qeydiyyatdan keəçənlər gəlib vurdurur. Gün ərzində təxminən 42 adama peyvənd vururuq”, — İoseb Mqaloblişvili bildirdi.

Marneulidə "Astrazeneka" peyvəndinin vurulmasına 17 mart tarixində başlanıldı. Bələdiyyədə 100 nəfərə yaxın adam qeyd olunan peyvəndi vurdurub. "Sinopharm" vaksininin vurulmasına isə 5 may tarixindən başlanılıb və indiki mərhələdə 80-ə yaxın adam peyvənd vurdurub. Peyvənd vurdurmaq istəyənlərin sayının artmasına baxmayaraq, onlardan neçə nəfərinin Marneuli sakini olduğunu müəyyən etmək çətindir. Gürcüstanın hər bir vətəndaşı Marneulidəki “Geo Hospitals” klinikasında peyvənd vurdura bilər.

Peyvəndlə bağlı Marneuli əhalisinin fərqli münasibəti var. Bizim apardığımız sorğuda iştirak edən əhalinin bir qismi deyir ki, ümumiyyətlə peyvənd vurdurmaq istəmir. Bir qismi isə buna hazır olduğunu bildirir. Ancaq hansı peyvəndi vurdurmaq istədiklərini bilmirlər.



Bizim apardığımız sorğuda iştirak edən əhalidən fərqli olaraq Marneulidə peyvənd vurduranların fikri başqadır. Onlar “Marneuli” radiosu ilə söhbətləri zamanı bildirdilər ki, koronavirusa qalib gəlməyin yeganə yolu peyvənd vurdurmaqdır və qeyd edirlər ki, peyvənddən sonra özlərini yaxşı hiss edirlər.

FaceBook Twitter Google
დაიცავი დისტანცია