Tovuzda 10 yaşlı Nərminin qətli: şübhəli şəxsin ailəsi ittihamı qəbul etmir
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı qızın qətlində şübhəli bilinən İlkin Süleymanovun ailə üzvləri ona verilən bu ittihamı qəbul etmirlər.

47 yaşlı kənd sakini İlkin Süleymanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Noyabr ayında itkin düşmüş Nərmin Quliyevanın cəsədi yanvarın 6-da tapılıb.

Baş Prokurorluq bildirb ki, İlkin Süleymanov "törətdiyi əməli tam etiraf edib".

Mərhum azyaşlının atası Şərif Quliyev BBC News Azərbaycancanın müxbirinə yalnız bunu bildirib ki, o, qızının "qatilinin tapılmasını istəyir". Şərif Quliyev qızı itkin düşəndən sonra kənddə axtarış aparıldığı zaman İlkin Süleymanovun yaşadığı evə baxılmadığını deyir: "Onlar hörmətli ailə idi, ayıbdı, qonşudur deyə onların evi axtarılmadı".

İlkin Süleymanovun bacısı İlhamə Süleymanova BBC News Azərbaycancaya açıqlamasında iddia edib ki, qardaşı cinayəti "işgəncə altında" etiraf edib.


"Eşitdiyimə görə, qardaşımı döyüblər. İkinci dəfə deyib ki, mənim xəbərim yoxdur, məni günahlandırırsınız, amma birinci dəfə deyib hə, bunu belə elədim. Ekspertiza gəlib məndən soruşdu ki, sən qardaşının xəttini bilirsənʔ Baxan kimi dedim, bu onun xətti deyil. Mənə qışqırdı ki, səsini batır, yoxsa səni də onun yanına basaram", cinayətdə ittiham olunan İlkin Süleymanovun bacısı iddia edib.

Onun sözlərinə görə, ailə üzvləri istintaqın 10 yaşlı qızın saxlanıldığını göstərdiyi otağa və evdəki ərzaq anbarına 40 gün ərzində bir neçə dəfə daxil olaraq müxtəlif əşyalar götürüblər və "orada gizlədilən heç nə görməyiblər".

İlhamə Süleymanova qardaşının hər hansı psixoloji problemi olmadığını, hər hansı psixoloji-nevroloji dispanserdə qeydiyyatdan keçmədiyini və kənd sakinləri ilə hər zaman "yaxşı davrandığını" deyir.

Baş Prokrorluöun mətbuat xidmətindən BBC News Azərabycancaya bildirilib ki, cinayətdə ittiham olunan İlkin Süleymanova qarşı işgəncə hallarından "söhbət belə gedə bilməz".


foto:APA

Baş Prokurorluğun məlumatına görə, istintaq-əməliyyat qrupu İlkin Süleymanovun yaşadığı evin həyətinin giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən "Nərminin saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr", eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İstintaqın gedişatı ilə bağlı yayılan rəsmi məlumata əsasən, İlkin Süleymanov "törətdiyi əməli tam etiraf edib."
Nərminin atası Şərif Quliyev qızının itkin düşəndən sonra aparılan axtarış tədbirlərindən razı olduğunu bldirmişdi.

O, BBC News Azərbaycancaya bildirmişdi ki, qızı itkin düşəndən bəri polis kənddə olub: "İstintaqdan, axtarışlardan razıyam, məni narahat etməyin".

Baş Prokurorluq istintaq getdiyini, zərurət yarandığı halda ictimaiyyətə məlumat veriləcəyini deyir.

Hadisə kənd sakinlərini "vahiməyə" salıb, sakinlər deyirlər.

Kənddə yaşayan Şərqiyyə Mehdiyeva BBC News Azərbaycancaya deyib ki, əhali tezliklə qatilin tapılmasını istəyir.

"Bu hadisə bizə çox pis təsir edib. Narahatıq ki, qatil tapılmasa, bu hadisə təkrar oluna bilər. Bilmək istəyirik ki, bunu kənd sakinimi törədib, ya yad adam", kənd sakini Şərqiyyə Mehdiyeva deyib.

Onun sözlərinə görə, noyabr ayından uşağın itkin düşmə xəbəri yayılandan bəri kənddə axtarışlar başlayıb.

"Evlərimizi gəzdilər, yarımçıq tikililərə baxdılar, maşını olanların maşınlarının seriyası qeyd olundu. Bizdən soruşdular ki, tanımadığınız adam görmüsünüzmü, şübhələndiyini kimsə varmı", kənd sakini bildirib.



"Uşaqları məktəbə maşınla aparırıq"
Övladı, qətlə yetirilmiş Nərmin Quliyeva ilə paralel sinifdə oxuyan Afət Musayeva deyir ki, uşaq itən gündən "vahimə içərisindədirlər".

O bildirib ki, evi məktəbə yaxın olan əksər valideynlər uşaqlarını məktəbə özləri aparıb-gətirirlər.

"Evi uzaqda olanlar uşaqları məktəbə maşınla aparıb gətirirlər. Axtarış aparılanda bizə it gətirmədilər, ancaq avtomobillərə baxdılar. Uşağın yaşadığı küçəyə yaxın olan evlərdə itlə axtarış aparıblar", kənd sakini Afət Musayeva deyib.

Övladı 6-cı sinifdə oxuyan Afət Musayeva narahatdır ki, uşaqlar təhlükədə ola bilər.

"Hüquq mühafizə orqanları araşdırma aparır, hər şey nəzarət altındadır, narahatlığa heç bir əsas yoxdur", Tovuz icra hakimiyyəti başçısının müavini Təranə Bayramova BBC News Azərbaycancaya deyib və əlavə edib ki, onlar Nərminin ailəsiylə mütəmadi əlaqə saxlayırlar.

Dondar Quşçu kənd icra nümayəndəsi Samir Hüseynov BBC News Azərbaycancaya deyib ki, polis ərazidə iş aparır və uşağın meyiti tapılan küçədə yaşayan sakinləri dindirir.

O deyir ki, hadisə elə onların evində də qorxu var: "Qorxu hamıda var, elə bizim uşaqda da. Bütün şöbə [polis] burdadır, iş gedir. Tapılıb yoluna qoyulmalııdır. Tapılmalıdır, vəssalam", o deyir.

Azyaşlı Nərmin Quliyevanın "qəsdən öldürülməsi" ilə bağlı cinayət işi başlanıb.

10 yaşlı Nərmin Quliyeva noyabr ayında itkin düşüb. "Valideynlərinin deməsinə görə, uşaq günorta saat 3-4 arasında evdən çıxıb əmisigilə gedib, bir də axşam xəbər tutublar ki, qız yoxdur", Tovuz rayonun Dondar Quşçu bələdiyyəsinin sədri Elmar Mürşüdov BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, indiyədək bu kənddə hər hansı uşaq itməyib: "Kənddə evlər sıx-sıxdır, günorta vaxtlarında da çöldə-bayırda adam olur", o bildirib.

Nərmin Quliyevanı heç yerdə tapa bilməyəndən sonra ailə polisə müraciət edib: "Polis gündə kənddəydi. Bütün evləri axtarıb, hətta ot tayalarına kimi baxırdılar. Axtarışlar kənddə də, rayonun başqa kəndlərində də gedirdi. Polis hər gün təkrar-təkrar qayıdıb qonşuların evlərini, həyətyanı sahəsini yoxlayırdı", Elmar Mürşüdov əlavə edib.

Bələdiyyə sədri deyib ki, kənddə əhalinin sayı 4500-4600-dür. Onun sözlərinə görə, kənddə boş ev, qeydiyyatda olub kənarda yaşayan adam, demək olar ki, azdır.

Azyaşlının meyiti bazar ertəsi günü axşam saatlarında "təsadüfən tapılıb".

"Qonşu tapıb"

Elmar Mürşüdov deyib ki, azyaşlının meyitini qonşulardan biri tapıb: "Qonşu çölə çıxıb siqaret çəkməyə, görüb ki, o biri qonşunun hasarının dibində nəsə yanır, yaxınlaşıb. O da deyib birdən ev yanar, qonşunu çağırıb, deyib ki, hasarın böyründə nəsə yanır. O da torpaq töküb söndürüb. Sonradan görüblər ki, uşaq meyitidir. Polisə xəbər ediblər".

Tovuz Rayon Polis Şöbəsindən BBC News Azərbaycancaya bildirilib ki, noyabrın 21-də itkin düşmüş azyaşlının tapılmamasından bir neçə gün sonra onun qəsdən öldürülməsindən şübhələr olub və ona görə də iş Baş Prokurorluğa verilib.

Noyabrın sonlarından bəri azyaşlının izini niyə tapmaq mümkün olmayıb?

Baş Prokurorluğun mətbuat xidməti deyir ki, hüquq mühafizə orqanlarının təlimatçıları hadisə barədə xəbər alan kimi, xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

Baş Prokurorluq bildirib ki, azyaşlının atası Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərib və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

Nərminin meyitini bir kənd sakininin aşkar etdiyini deyən Baş Prokurorluq hadisəni törədənlərin tapılması üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib.

2018-ci ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda məişətdə baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: "Bunlardan 112 faktda qadın özünü öldürüb. Onlardan 11-i azyaşlı qızlar" olub, DİN sözçüsü BBC-ə bildirib.

Rəsmi statistikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət zorakılığı üzrə cinayət halları 700-dən çox, 2018-ci ildə isə 700-ə yaxın olub.

Mənbə: BBC/azeri
Print ელ. ფოსტა
FaceBook Twitter Google