Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi və
Gürcüstanın Birinci Kanalı “Tele-məktəb” təhsil layihəsinə
başlayırlar. “Tele-məktəb” 30 mart tarixində Gürcüstanın İkinci
Kanalının efirində yayımlanacaq.
Təhsil nazirinin müavini Ekaterine Dqebuadze “Marneuli” radiosuna
verdiyi müsahibədə bildirdi ki, layihə məktəb şagirdləri üçün milli
tədris proqramı ilə nəzərdə tutulmuş tele-dərslərin keçirilməsini
nəzərdə tutur. Əsas məqsəd isə təhsilin bütün şagirdlər üçün
əlçatan olmasıdır.
“Bazar ertəsindən artıq dərslər efirə çıxacaq.
Əlçatanlıqla bağlı biz bu layihəni geniş şəkildə planlaşdırmışıq.
Məqsəd etnik azlıqarı və xüsusi ehtiyacı olan şagirdləri də əhatə
etməkdir. İndiki mərhələdə bütün dərslər jest dilində olacaq. Bazar
ertəsindən erməni və azərbaycan dillərində dərslərin yazılmasına
başlanacaq. Ümid edirik ki, gələn həftədən erməni və azərbaycan
dilində dərslər əlavə olunacaq. Həmçinin, gürcü dili ikinci dil
kimi fənni də olacaq”.
Bir həftədən artıqdır ki, Təhsil Nazirliyi ümumtəhsil
müəssisələrinə distant təhsillə bağlı ilkin tövsiyələri bölüşüb və
tövsiyələrdən biri Microsoft office 365 məhsullarından ünsiyyət
kanalı olaraq istifadə etməkdir. Ekaterine Dqebuadzenin dediyinə
görə, tele-məktəbin başlanması bu kimi platformalardan imtina etmək
demək deyil, müəllimlər seçim etməkdə sərbəst olacaqlar.
“Mövcud vəziyyətdən irəli gələrək biz sinifdə dərs keçə bilmirik
deyə sistem məktəblərə bir neçə model təklif etməlidir ki, məktəb
və şagirdlər arasında təhsilin əlçatanlığı və münasibətlər olsun.
Çalışırıq daha çox variant təklif edək ki, müəllimin və məktəbin
şagirdlər ünsiyyət üçün seçim edəcəyi xidmətlər çox olsun.
Əlçatanlığı ən geniş miqyasda əhatə edəcək variantlardan biri
televiziya məktəbidir”, – Ekaterine Dqebuadze deyir
və bildirir ki, əlaqə üçün həmçinin, mobil telefondan da istifadə
etmək olar.
Şagirdlərlə onlayn təhsilə Marneuli 2 və 5 ictimai məktəbinin mülki
təhsil, coğrafiya və tarix müəllimi Temur Suğaşvili də başlayıb.
Ancaq şagirdlərin bir hissəsinin kompüteri, yaxud interneti
olmadığı halda çətinliklə qarşılaşıb. Ümid edir ki, tele-məktəbə
indi hamı qoşula biləcək, ancaq bunların hamısında ən böyük rolu
valideynlərdə görür.
“Tele-məktəbin özünün müsbət tərəfləri var, ancaq
burada ikinci tərəf də var ki, şagirdlərin əlaqə yaratmaq imkanı
yoxdur. Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Uşaqları ekran
qarşısında oturtmalı və dərsləri izləmələrinə kömək etməlidirlər.
Bu layihənin nə dərəcədə özünü doğruldacağı valideynlərdən asılı
olacaq. Radio vasitəsilə Marneulili valideynləri diqqətli olmağa
övladlarına müəyyən bacarıqlardan istifadə etməyi izah etməyə
çağırıram.”
Temur Suğaşvili şagirdlər üçün bir neçə onlayn proqramdan artıq
istifadə edir, ümid edir ki, böyük təcrübə də toplayacaq və
gələcəkdə bundan daha fəal istifadə edəcək.
“Tele-məktəb” layihəsinə ictimai və özəl məktəb müəllimləri
qoşulacaq və 1-ci sinifdən 12-ci sinfə qədər şagirdlərə televiziya
dərsləri keçəcəklər. Dərslər bazar ertəsindən başlayaraq
keçiriləcək və hər səhər saat 9-da başlayacaq. Layihəyə şənbə-bazar
günləri müxtəlif maarifləndirici-əyləncəli proqramlar da əlavə
olunacaq.
Tele-məktəbin dərs cədvəlinə mes.gov.ge-dən də baxmaq mümkün
olacaq.