Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi və sədri
Seyid Mirtağı Əsədov Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Bu
barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Seyid Mirtağı
Əsədov verdi.
Onun sözlərinə görə, bu gün saat 2 radələrində ona zəng vuraraq
DTX-yə çağırıblar. Seyid Mirtağı Əsədov bildirdi ki, onun DTX-yə
çağrılmasına səbəb son zamanlar ictimai fəaliyyəti ilə
bağlıdır.
"Bu gün 17:00-da DTX-də olmağımı istədilər. Mən də bildirdim ki,
vəkillə məsləhətləşim, daha sonra qərar verəcəyik.
Məsləhətləşdikdən sonra DTX-yə getməyimi 6 iyun saat 12:00-a
keçirdilər. Bizi çağırmaqlarında məqsəd son zamanlar ictimai
aktivliyimiz, dini fəaliyyətmizlə əlaqədar ola bilər. Son zamanlar
regionu qarışdırmaq istəyən qüvvələrə qarşı xalqın yanında mövqe
tutduq. Bildirdik ki, bu cür məsələlər bizə lazım deyil. Bizə
sakitlik lazımdır. Birlik lazımdır, bu torpaq hər
birimizindir", – Seyid Mirtağı Əsədov dedi.
30 may tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət
Təhlükəsizliyi Departamenti bəyanat yayaraq bildirib ki, irqi
ayrı-seçkilik maddəsi ilə istintaqa başlayıb. Açıqlamada bildirilir
ki, departamentdə mövcud olan operativ məlumatlara əsasən,
Gürcüstanda Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və
azərbaycanlılar arasında etnik qarşıdurmanı qızışdırmağa çalışan
qruplar və bir sıra vətəndaşlar var. Buna görə də Dövlət
Təhlükəsizlik İdarəsi irqi ayrı-seçkilik faktı ilə bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 1421-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi
ilə istintaq aparır. Həmin maddə qrup tərəfindən milli düşmənçilik
və ədavət yaratma, milli hörmət və ləyaqəti alçaltma məqsədi ilə
yol verilmiş hərəkət, eyni zamanda insanların milli və etnik
mənsubiyyətinə görə hüquqlarının birbaşa və ya dolayı yolla
məhdudlaşdırılması, və ya eyni əlamətlərlə insanlara üstünlük
verilməsini nəzərdə tutur.
Onu da əlavə edək ki, 3 iyun tarixində Marneulili mülki fəal və
hüquq müdafiəçisi Samirə Bayramova da Dövlət Təhlükəsizlik
Xidmətinə ifadə verməyə çağırılıb. Bayramovanın bəyanatına görə,
ifadə verməsi DTX tərəfindən irqçiliklə bağlı ayrı-seçkilik faktına
görə başlanılmış istintaqla bağlı olub.
TV Pirvelinin məlumatına görə, Marneuli meri Zaur Darğallı 2 iyunda
DTX-ya çağırılıb. Məsələnin təfərrüatları məlum deyil, Zaur
Darğallı isə müsahibə vermir. Kanalın Jurnalistinin məlumatına
görə, Zaur Darğallıdan başqa bir neçə Marneulilinin də DTX-nə
çağırılması planlaşdırılır.