Marneulili fizika və riyaziyyat müəllimi Elvir Həsənoğlu Dövlət
Təhlükəsizlik Xidmətinə çağırılıb. Onun DTX-yə çağırılmasına səbəb
2018-ci ildə N. Nərimanovla bağlı post paylaşması olub.
Bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı Elvir
Həsənoğlu verdi. O, ifadə verməyə 4 iyun tarixində gedib. Elvir
Həsənoğlunun sözlərinə görə, onlar Gürcüstanda sülh və birlik
içərisində yaşamaq istəyirlər.
"3 iyun tarixində DTX-dən mənə zəng gəldi. Dedilər ki,
4 iyun tarixində DTX-yə gəlin. Mən onlardan soruşdum ki, məsələ nə
ilə əlaqədardır. Dedilər ki, N. Nərimanov məsələsi ilə bağlıdır.
İfadə verən zamanı mənə dedilər ki, siz 2018-ci ildə N. Nərimanovla
bağlı post paylaşıbsız. Bir də həmin ili quberniyanın hazırladığı
bir video çarx var idi. Həmin videoda bizlər yer almamışdıq. Bir də
o məsələ haqda idi. Dedilər bunu niyə paylaşıbsan. İfadə zamanı
əsasən mən nəyi vurğuladım. Vurğuladığım ən önəmli nöqtə budur ki,
hal-hazırda Gürcüstanda bizə lazım olan, birlik və bərabərlik
içərisində, sülh və barış içində yaşamaqdır. Mən əsasən onu qeyd
etdim ki, mən özüm şəxsən insanları, millətlərə ayırmıram. Mənə
görə bu ölkədə bütün vətəndaşlar hamısı bərabər hüquqludur. Hamının
da eyni səviyyədə, haqqı-hüququ var. Bunu da qeyd etdim ki, mənim
istəyim bu cür şeyləri paylaşmaqdır. İnsanları qışqırtmaq deyil.
Əksinə onu göstərmək istəyirdim ki, biz burada birlik və bərabərlik
içində yaşamalıyıq", – Elvir Həsənoğlu dedi.
Elvir Həsənoğlu onu da bildirdi ki, onun özü də müəllimdir. Ona
görə də N. Nərimanovun fikirlərini bir pedaqoq və həkim olduğu üçün
dəstəkləyir.
"Hətta onu da qeyd edim ki, mənim özüm pedaqoq olduğuma
görə N. Nərimanov öz zamanında pedaqoq və həkim olduğu üçün o
adamın fikirini, təfəkkürünü dəstəkləmişəm. Sırf pedaqoq, həkim
kimi xidmət etdiyi üçün N. Nərimanovu ona görə dəstəkləyirəm. Mənim
özüm də bir pedaqoq olduğuma görə, adamın fikirini buna görə
dəstəkləmişəm. Amma qaldı ki, bir kommunist kimi, bir siyasətçi
kimi bu məsələlərə qarışmıram. İfadə zamanı bu məsələləri də
vurğuladım", – Elvir Həsənoğlu dedi.
30 may tarixində Dövlət Təhlükəsizlik Xidmətinin Dövlət
Təhlükəsizliyi Departamenti bəyanat yayaraq bildirib ki, irqi
ayrı-seçkilik maddəsi ilə istintaqa başlayıb. Açıqlamada bildirilir
ki, departamentdə mövcud olan operativ məlumatlara əsasən,
Gürcüstanda Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və
azərbaycanlılar arasında etnik qarşıdurmanı qızışdırmağa çalışan
qruplar və bir sıra vətəndaşlar var. Buna görə də Dövlət
Təhlükəsizlik İdarəsi irqi ayrı-seçkilik faktı ilə bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 1421-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi
ilə istintaq aparır. Həmin maddə qrup tərəfindən milli düşmənçilik
və ədavət yaratma, milli hörmət və ləyaqəti alçaltma məqsədi ilə
yol verilmiş hərəkət, eyni zamanda insanların milli və etnik
mənsubiyyətinə görə hüquqlarının birbaşa və ya dolayı yolla
məhdudlaşdırılması, və ya eyni əlamətlərlə insanlara üstünlük
verilməsini nəzərdə tutur.
Onu da əlavə edək ki, 3 iyun tarixində Marneulili mülki fəal və
hüquq müdafiəçisi Samirə Bayramova da Dövlət Təhlükəsizlik
Xidmətinə ifadə verməyə çağırılıb. Bayramovanın bəyanatına görə,
ifadə verməsi DTX tərəfindən irqçiliklə bağlı ayrı-seçkilik faktına
görə başlanılmış istintaqla bağlı olub.
Bu gün, 5 iyun tarixində Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsinin Şeyxi və sədri Seyid Mirtağı Əsədov Dövlət Təhlükəsizlik
Xidmətinə çağırılıb. Onun sözlərinə görə, bu gün saat 2 radələrində
ona zəng vuraraq DTX-yə çağırıblar. Seyid Mirtağı Əsədov bildirdi
ki, onun DTX-yə çağrılmasına səbəb son zamanlar ictimai fəaliyyəti
ilə bağlıdır. O, ifadə verməyə 6 iyun tarixində gedəcək.
TV Pirvelinin məlumatına görə, Marneuli meri Zaur Darğallı 2 iyunda
DTX-ya çağırılıb. Məsələnin təfərrüatları məlum deyil, Zaur
Darğallı isə müsahibə vermir. Kanalın Jurnalistinin məlumatına
görə, Zaur Darğallıdan başqa bir neçə Marneulilinin də DTX-nə
çağırılması planlaşdırılır.