Sosial yardımın bərpasını gözləyən çörəksiz qalmış Surmanidzelər


55 yaşlı Nərgiz Surmanidzenin 8 nəfərlik ailəsi Marneuli bələdiyyəsinin Xixani kəndində yaşayır. Gəliri olmayan ailə bu gün çörək də yeyə bilməyib. Yerli özünüidarə tərəfindən verilən unları artıq bitib. Qalan makaronlarını isə qənaətlə istifadə edirlər.



Bu gün unumuz yoxdur ki, çörək bişirim və uşaqları yedizdirim. İki dəfə makaron, bitki yağı və s. payladılar. Bu gün də oyandım və birdəfəlik yardım paketini açdım, makaron bişirdim, qatığımız var idi, bütün ailə yedik. Çörəyimiz yox idi. Bilmirəm bu makaron da nə qədər kifayət edəcək.”

8 nəfərlik ailənin sosial yardımı ailənin ikiyə bölünməsindən – oğlu və gəlininin üç azyaşlı övladları ilə birlikdə başqa evə köçməsindən sonra dayandırılıb. Nərgiz, həyat yoldaşı və digər övladı isə ayrı yaşayır. Amma onların evləri bir-birinə çox yaxındır. Hər gün bişirdikləri yeməkləri bir-biri ilə bölüşürlər.

Sosial yardımdan asılı vəziyyətdə idim. İki aydır ki, pul almırıq, ac qalmışıq. Ailəmiz ikiyə bölündüyü zaman həyat yoldaşım Marneuliyə Sosial Xidmət Agentliyinə getdi. Sonra komissiya gəldi, bizi yoxladı və bal yazdı (mart ayında). Lakin hələ də yardım almamışıq. Oğlumun ailəsinə yoxlamağa gəlməyiblər, deyirlər ki, gəlsin, ərizə yazsın. Lakin nəqliyyat işləmədiyinə görə hələ gedə bilmir.

Nərgiz və həyat yoldaşı hələ təqaüdə çıxmayıblar ki, buradan əlavə gəlirləri olsun. İndi faktiki olaraq iki ailə gündə ən çox iki litr süd verən bir inəyin ümidinə qalıb.

“Sosial yardıma ümid edirik. Yəqin ki verəcəklər. Onu da verməsələr, çarəsiz qalacağıq.”

Marneuli Sosial Xidmət Agentliyindən “Marneuli” radiosuna verilən məlumata görə, ailəyə sosial yardım bal yazılandan sonrakı ayın 1-dən verilir. Buradan da belə aydın olur ki, Nərgiz və ailəsi sosial yardımı may ayından ala biləcəklər. Oğlu və ailəsi isə Marneuliyə gələrək ərizə yazmalıdırlar və yalnız bundan sonra Sosial Xidmət Agentliyi tərəfindən ailə yoxlanılır. Bunadək isə Surmanidzelər ailəsi digər yardımların ümidinə qalacaqlar.

Yenidən yardımın edilib-edilməyəcəyinə gəlincə isə, Marneuli meri Zaur Darğallı bizimlə söhbəti zamanı bildirdi ki, ehtiyac olduğu təqdirdə əlavə ərzaq verilməsi mümkün olacaq, lakin bunun üçün ailə kənd icra nümayəndəsinə müraciət etməlidir ki, meriya məsələni müzakirə edə bilsin.

Qeyd edək ki, koronavirusla mübarizə məqsədilə yerli özünüidarə 300 000 lari ayırıb.

 

თეგები: covid-19
FaceBook Twitter Google
დაიცავი დისტანცია