“Era” teatrının elan etdiyi müsabiqədə qalibiyyət üçün 5 film mübarizə aparır – Video
“Era” teatrının elan etdiyi film müsabiqəsi davam edir.
Teatrın təşəbbüsü və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən film müsabiqəsi artıq 3-cü filmini izləyicilərinə təqdim edib.

Tbilisi Azərbaycan Dövlət Dram teatrının keçmiş aktyor və rejissoru, “Era” teatrının bədii rəhbəri Anar Rafiqoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ölkədə fövqəladə vəziyyət elan olunduqdan sonra onların teatrının aktyorları gənclərin evdə qaldıqları vaxtı səmərəli keçirə bilmələri üçün film müsabiqəsi elan ediblər.

Müsabiqə zamanı gənclər seçdikləri mövzuda qısametrajlı filmlər çəkərək “Era”-nın “Facebook” səhifəsinə göndəriblər. Aktyorlar göndərilən filmlər arasından cəmi 5 film seçərək teatrın rəsmi “Facebook” səhifəsində paylaşıblar.



“Qalibi münsiflər heyəti müəyyən edəcək. Peşəkar və təcrübəli rejissor, aktyorlar filmləri dəyərləndirəcək və qalibi müəyyən edəcəklər. Münsiflər mövzunun aktuallığını, filmin çəkilişini, montajı, aktyorluğu dəyərləndirəcək. Sonda səhifədə anket forması hazırlayaraq xalqın fikrini də nəzərə alacağıq”,
– Anar Rafiqoğlu dedi.

Rafiqoğlu bildirdi ki, bu gün səhifədə 4-cü filmi, sabah isə 5-ci – sonuncu filmi paylaşacaqlar. Bundan sonra seçim əsasında qalib müəyyən olunacaq. O, 1-ci yerin qalibinə pul mükafatı verəcəklərini dedi.



Karantin zamanı təxirə düşən tamaşalarından da söhbət açan aktyor bildirdi ki, karantindən əvvəl Marneulidə yeni bir tamaşanın nümayişi üçün hazırlıq görüblərmiş. Lakin ölkədə karantin elan olunduqdan sonra onlar tamaşanın təqdimatını təxirə salmalı olublar. O, bildirdi ki, yaxın günlərdə “Era”-nın aktyorları olaraq daha fəal şəkildə işləməyə başlayacaqlar. Anar “Stand up” şousu üçün də münasib vaxt gözlədiyini və şou üçün hazır olduğunu dedi.



Qeyd edək ki, “Era” teatrı hal-hazırda fəaliyyətini müvəqqəti olaraq onlayn şəkildə davam etdirir.

FaceBook Twitter Google
დაიცავი დისტანცია