Qırmızıkənddən sağlamlığa zərərli olan tullantıların daşınması işlərinə başlanılıb
“Marneuli” radiosunun hazırladığı süjetdən sonra Marneuli meriyası Qırmızıkənddən sağlamlığa zərərli olan tullantıların daşınması işlərinə başlayıb.

Qırmızıkənd sakini Aram Akopyan şəxsi “Facebook” səhifəsində fotolar yayımlayıb. Həmin şəkillərdə xüsusi xidmətin sağlamlığa zərərli tullantıları kənd ərazisindən necə daşıdığı əks olunur.

17 fevral tarixində “Marneuli” radiosunun efirində süjet yayımlanmışdı. Süjetdə Marneuli meriyasının 6 aydır ki, Qırmızıkənddən təhlükəli tullantıları daşımadığı bildirilirdi.

Xatırladaq ki, 2019-cu ilin 11 iyul tarixində Marneulidə baş vermiş güclü təbii fəlakət nəticəsində Qırmızıkənd və daha bir neçə kənddə 391 evin dam örtüyünə zərər dəymişdi.

Qırmızıkənddə evlərin əksəriyyətinin damı asbestdən hazırlanmış şiferlərlə örtülmüşdü. Güclü dolu nəticəsində dam örtükləri sınaraq yararsız hala düşdü. Düzdür, hakimiyyət sakinlərə evlərini təmir etməsi üçün material verdi, lakin sınmış asbest şiferlər kənddən hələ də daşınmayıb.

აზბესტის სახურავის ნარჩენები წითელსოფელში

Ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı CENN-nin nümayəndəsi Kaxa Ruxaianın “Marneuli” radiosu ilə söhbəti zamanı verdiyi məlumata görə, asbest lifləri insan sağlamlığı üçün çox təhlükəlidir, çünki tənəffüs zamanı udacağımız liflər xərçəng xəstəliyinə səbəb ola bilər.

"Asbest tullantıları ilə işləyən zaman xüsusi normalara riayət olunmalıdır. Mütləq əleyhqazdan istifadə olunmalıdır ki, liflər orqanizmə daxil olmasın. Sökülən zaman isladılmalı və böyük polietilen torbalara yerləşdirilməlidir”, – Kaxa Ruxaia bildirir.

CENN-in nümayəndəsi onu da qeyd edir ki, asbest tullantıları küçədə bir dəqiqə də qalmamalıdır.

Marneuli meri Zaur Darğallı 12 noyabr 2019-cu il tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı Qırmızıkənd sakinlərinə şifer qırıqlarının meriya tərəfindən daşınacağını vəd etmişdi. Həmin vaxtdan isə artıq 3 ay ötüb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google