21 fevral tarixində, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya
Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günü” münasibəti
ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə GAİM-in İcraçı direktoru Aygül İsayeva
açaraq “Beynəlxalq Ana Dili Günü”nün hər kəsə, xüsusən də milli
azlıqlara öz ana dilini sevmək, qorumaq, inkişaf etdirmək
hüquqlarının olmasını xatırlatdı və onun əhəmiyyəti haqda
danışdı.
“Ana dili milli-mədəni sərvətimiz, milli varlığımız,
milli kimliyimiz, milli qürurumuzdur. Ana dilimizi qorumaq hər
birimizin müqəddəs borcudur və keşiyində durmaqdır”,
- Aygül İsayeva dedi.
Tədbirdə iştirak edən ziyalılar və müəllimlər Azərbaycan dilinin
çox zəngin və ahəngdar dil olmasını, tarixi kökləri barədə tədbir
iştirakçılarına ətraflı məlumat verdilər.
Daha sonra GAİM-də təhsil alan gənclər görkəmli Azərbaycan şair və
yazıçılarının əsərlərindən parçalar ifa etdilər. Tədbirdə muğam
ustası Asim Məmmədovun şagirdləri, o cümlədən Norveç Musiqiçilər
Birliyinin üzvü, kamança ustası Şəbnəm Asif qızı muğam və xalq
mahnılarını da səsləndirdilər.
Tədbirdə şagirdlər, müəllimlər, ziyalılar, dəvət olunmuş qonaqlar
və maraqlanan şəxslər iştirak etdilər.
Xatırladaq ki, 1999-cu ildə UNESCO tərəfindən fevral ayının 21-i
Beynəlxalq Ana Dili Günü qəbul edilib.