Polis hansı karantin qaydalarını pozduğumuz halda cərimə yaza bilər

Polis Marneuli bələdiyyəsinin Kürtlər kəndində fövqəladə rejimi pozduğuna görə bir gündə üç nəfəri 3000 lari cərimələyib.

Daxili İşlər Nazirliyindən indiki mərhələdə Marneulidə neçə və hansı qayda pozuntusu qeydə alındığını konkret qeyd etmirlər. Polisin hansı hallarda cərimə yaza biləcəyi halların siyahısını təqdim edirik.

Vətəndaşın evdən çıxmasına icazə verilir:
  • Qida məhsulları almaq məqsədi ilə;
  • Dərman almaq məqsədi ilə;
  • Həkimə getmək məqsədi ilə;
  • Heyvanlara yem almaq məqsədi ilə;
  • Kənd təsərrüfatı işləri həyata keçirmək məqsədi ilə.
Qeyd olunan hallardan başqa Gürcüstan Daxili İşlər Nazirliyi inzibati qayda pozuntusu üçün fiziki şəxslərə 3000 lari, hüquqi şəxslərə isə 15 000 lari cərimə yaza bilər. Eyni hərəkətin təkrar edilməsi cinayət məsuliyyətinə cəlb olunmağa səbəb olur. Eləcə də hökumətin 181 saylı sərəncamına əsasən, ictimai məkanlarda 10 nəfərdən artıq adamın toplaşması, 10 nəfərdən artıq adamın toplaşacağı sosial tədbirlər qadağandır. Bu toy, yas mərasimləri və başqa tədbirlər də ola bilər.

Gürcüstan miqyasında 29 mart tarixində son 24 saata olan məlumata görə, 125 fövqəladə vəziyyətlə rejiminin pozulması halı qeydə alınıb. Gürcüstan miqyasında 96 nəfər vətəndaş ictimai məkanda 10 nəfərdən artıq şəxsin toplaşmasına, 3 hüquqi şəxs, 8 fiziki şəxs ticari fəaliyyətlə bağlı məhdudiyyətləri pozduğuna, 5 nəfər mikroavtobusla şəhərlərarası sərnişindaşıma faktına, 14 nəfər isə özünütəcrid və karantin qaydalarını pozduğuna görə cərimələnib.

23 mart tarixində Marneuli və Bolnisi bələdiyylərində ciddi karantin rejimi tətbiq olunub. Hökumət bu qərarı Marneulili qadının koronavirusa yoluxmasından sonra verib. Marneuli və Bolnisi bələdiyyələrində müəyyən məhdudiyyətlər tətbiq olunub:
  • Marneuli və Bolnisi bələdiyyələrinə giriş və çıxış məhdudlaşdırılır.
  • Yalnız qida məhsulları, dərman və kritik infrastrukturla bağlı başqa obyektlər əlçatan olacaq. İctimai nəqliyyatın hərəkəti dayandırılır.
  • Marneuli və Bolnisi sakinlərinə tibb işçiləri tərəfindən yazılmış protokola uyğun olaraq kənd təsərrüfatı işləri aparmağa icazə veriləcək.
Qeyd edək ki, 21 aprelə qədər ölkə miqyasında fövqəladə vəziyyət elan olunub.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google