Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstan hökuməti tərəfindən
tətbiq olunmuş komendant saatı çərçivəsində qoyulan məhdudiyyətləri
pozanların müəyyənləşdirilməsi məqsədilə 24 saatlıq rejimdə
işləməyə davam edirlər.
Ölkədə koronavirusun yayılmasının qarşısının alınması üçün polis
bütün qanun pozuntularına operativ şəkildə reaksiya göstərir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son 24 saat
ərzində hüquq mühafizəçiləri fövqəladə vəziyyət və komendant saatı
qaydalarının pozulması ilə bağlı 238 yeni fakt aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşları 4 aprel axşam 9-dan 5 aprel
səhər saat 6-dək ölkə miqyasında 113 vətəndaşı komendant saatı
qaydalarını pozduğuna görə cərimələyib.
Bundan əlavə, polis 21 vətəndaşı ictimai yerdə 3 nəfərdən çox adam
toplaşdığı və 2 metrlik sosial məsafəyə riayət etmədiyi üçün
cərimələyib.
1 hüquqi şəxs və 1 fiziki şəxs iqtisadi fəaliyyətlə bağlı
məhdudiyyətləri pozduqlarına görə cərimələnib.
Polis Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə birlikdə, özünü təcrid
etmiş vətəndaşlar üzərində gücləndirilmiş nəzarəti davam etdirir.
Birgə monitorinqlər nəticəsində 12 təcrid qaydaları pozuntusu faktı
aşkar edilmişdir.
Bundan başqa, polis sərnişin daşımaları və avtomobillə hərəkət
qaydalarının pozulmasına görə 90 nəfəri cərimələyib.
Məlumat üçün qeyd edək ki, fövqəladə vəziyyət rejiminin pozulması
inzibati məsuliyyətə səbəb olur ki, buna görə də fiziki şəxs üçün
3000 lari, hüquqi şəxs üçün isə 15 000 lari cərimə nəzərdə
tutulur.
Daxili İşlər Nazirliyi vətəndaşları fövqəladə vəziyyət rejimi ilə
bağlı məhdudiyyətlərə əməl etməyə çağırır, əks halda qanuna uyğun
olaraq müvafiq tədbirlər görüləcəkdir.