Xuldərə kəndində internet olmadığından şagirdlər dərslərə qoşula bilmirlər
Distant rejimə keçən Xuldərə məktəbinin şagirdləri dərsə qoşulmaqda çətinlik çəkirlər.
Bildiyimiz kimi, son günlərdə koronavirusun yayılmasının qarşısının alınması üçün məktəblər də distant rejimə keçib.

Ancaq, distant rejimə keçən Xuldərə məktəbinin şagirdləri onlayn dərsə qoşulmaqda çətinlik çəkirlər. Bunun səbəbi isə kənddə internet xəttinin olmamasıdır.
Kəndin məktəb şagirdlərinin sözlərinə görə, onlar dərslərə mobil internet vasitəsi ilə qoşulurlar.

“Bizdə şəbəkə tutur mobil internetimiz var, amma kənddə internet yoxdur. Öz mobil internetimlə dərslərə qoşuluram, bunun üçün hər ay 19 lari ödəyərək internet paketimi yeniləməli oluram. Bir çox uşaqlar isə ümumiyyətlə dərslərə qoşula bilmirlər”, – 10-cu sinif şagirdi deyir.

Şagirdlərin sözlərinə görə, onlar bəzən məcbur qalaraq qonşu Sadaxlı kəndinə gedir və orada interneti olan yaxınlarının evlərində dərsə qoşula bilirlər. Bu vəziyyət şagirdlərin valideynlərini də narahat edir.

“Mənim üç məktəbli övladım var və onlar aşağı siniflərdə oxuyurlar. Onlar da dərslərə qoşulmaqda çətinlik çəkirlər. Evdə üç kompüterləri var, ancaq mənim telefonum hər üç kompüterə WiFi paylaya bilmir çox zəif olur. Kəndə internet çəkilmədiyinə görə bəzən Sadaxlıya, yaxınlarımın evlərinə aparmalı oluram”,– kənd sakini deyir.

Xuldərə ictimai məktəbinin direktoru Mahmud Məmmədov deyir ki, distant rejimdə dərs keçmək üçün 26 müəllim qeydiyyatdan keçib və ümumilikdə 150 nəfər uşağa dərs keçməlidirlər. Lakin internet olmadığına görə 20 nəfər şagirdi olan sinifdən cəmi 4-5 şagird dərslərə qoşula bilirlər.

Müəllif: Aysun Şəpərəyeva
Print ელ. ფოსტა
FaceBook Twitter Google