Artıq dörd gündür ki, Marneuli bazarı bağlıdır. Demək olar ki,
bu bazar yerli sakinlər üçün alış-satış yeri idi. Marketlərin də
əksəriyyəti satmaq üçün məhsulları məhz bazardan alırdılar. Biz bir
neçə mağazada olduq.
Mağaza sahibləri bazarın bağlanmasına görə narahatdırlar. Deyirlər
ki, mağazanın piştaxtalarını Marneuli bazarından doldururdular.
“Bazar bağlanmazdan 4 gün əvvəl ərzaq almışdım. Bundan sonra necə
olacaq, bilmirəm. Baxın, kartofu dörd gündür ki, gətirmişəm. Nə
edəcəyimi, necə olacağını bilmirəm”, – Marneulidəki
mağazalardan birinin nümayəndəsi deyir.
Bəziləri alternativ yollar tapıblar və mağazalara tərəvəzləri
müxtəlif kəndlərdən gətirirlər. Deyirlər ki, karantin müddətində
demək olar ki, hər şeyin qiyməti artıb.
“Hər şeyi baha almışam, üstünə qəpik-quruş qoyuruq ki,
sakinlər də ala bilsin. Mən qohumumla danışmışam, istixanası var,
məhsulunu mənə satacaq. Hər şey bahalaşıb. Kartof 2 laridir.
Karantin elan olunmazdan əvvəl Marneuli bazarında 90 tetri idi.
Soğan da bahalanıb, limon da.”
“Bazarın bağlanması çox pisdir. Alternativ yollar axtarıram.
Kəndlərə gedirəm, oradan alıram”, – Mağaza
nümayəndəsi deyir.
Gürcüstan miqyasında aqrar bazarlar koronavirusun qarşısının
alınması məqsədilə bağlanıb. Yalnız Milli Qida Təhlükəsizliyi
Agentliyinin hazırladığı və Səhiyyə Nazirliyi ilə razılaşdırılmış
standartlarla fəaliyyət göstərmək mümkündür. Bu standartlarda bir
sıra tələblər var ki, bunlar da aqrar bazarların rəhbərlərinə
təqdim olunub. Marneuli topdansatış bazarının direktoru Elquca
Xarşiladze də bu tövsiyələrlə artıq tanış olub, lakin bu mərhələdə
bazarın açılmasına qərar verməyiblər. Onun bildirdiyinə görə,
Marneuli bazarında dezinfeksiya işləri aparılır və nə vaxt
açılacağı dəqiq məlum deyil.