Marneulili mülki fəal və hüquq müdafiəçisi Samirə Bayramova Dövlət
Təhlükəsizlik Xidmətinə ifadə verməyə çağırılıb.
Bayramovanın bəyanatına görə, ifadə verməsi DTX tərəfindən
irqçiliklə bağlı ayrı-seçkilik faktına görə başlanılmış istintaqla
bağlı olub.
“Bazar ertəsi məni şahid qismində çağırdılar və dünən,
3 iyun tarixində ifadə verməyə getmişdim. Axşam saat 8-də getmişdim
və mənim ifadə verməyim təxminən iki saat yarım davam etdi. DTX-nin
bəyanatı əsasən Marneulidə baş vermiş hadisələrlə əlaqədar idi.
Amma təəssüf ki, ifadənin məzmunu və sualları haqqında danışa
bilmərəm, çünki Cinayət Məcəlləsinin 104-cü maddəsinə əsasən
istintaq başa çatana qədər bu məsələ haqda danışmaq
qadağandır”, – Samirə Bayramova deyib.
Bayramova düşünür ki, DTX istintaqa gec başlayıb, çünki onların
bəyanatı 30 may tarixində yayımlanıb. Marneulidə isə Nəriman
Nərimanov məsələsi ilə bağlı proses bir həftə əvvəl başlayıb.
“Əlbəttə istintaqa Marneulidə mövcud olan vəziyyət və
Yepiskopun bu məsələ ilə bağlı diskriminasiyalı çıxışı əsas olub.
Nə yerli özünüidarə, nə də dövlətin bu məsələ ilə bağlı bəyanat
verməməsi yaxşı hal deyil. Nərimanov məsələsi mənim qərar verəcəyim
mövzu deyil. Mən bildiyimə görə, yerli özünüidarə hələ 3 il əvvəl
bu mövzu ilə bağlı işçi qrupu yaratmalı idi, amma bu günə qədər heç
nə yoxdur”, – Samirə Bayramova deyib.
Marneulili mülki fəal və hüquq müdafiəçisi bildirir ki, istintaq
başa çatdıqdan sonra onun dindirilməsi və istintaqın aparılması
haqqında mütləq müsahibə verəcək.
TV Pirvelinin məlumatına görə, Marneuli meri Zaur Darğallı 2 iyunda
DTX-ya çağırılıb. Məsələnin təfərrüatları məlum deyil, Zaur
Darğallı isə müsahibə vermir. Kanalın Jurnalistinin məlumatına
görə, Zaur Darğallıdan başqa bir neçə Marneulilinin də DTX-nə
çağırılması planlaşdırılır.