Bu gün, 13 iyul tarixində Mülki Məşğulluq Mərkəzində “Gənc
arxeoloqlar cəmiyyəti” layihənin ictimai müzakirəsini keçirib.
Layihə Marneuli bələdiyyəsinin Şaumyani kəndindəki kitabxananın və
Melik-Paşayevin ev muzeyinin bərpasını nəzərdə tutur.
“Gənc arxeoloqlar cəmiyyətinin” nümayəndəsi Mariam Eloşvili bizimlə
söhbəti zamanı bildirdi ki, görüşün əsas iştirakçıları (meriya)
təqdimata gəlməyiblər və buna görə də onlar qeyri-müəyyənliyə
düşüblər. Onlar Marneuli merinin müavini Laşa Lobcanidzedən
layihənin həyata keçirilməsi ilə bağlı şifahi razılıq
alıblarmış.
“Bizim təşkilatın ideyası mədəni
irsi abidəyə yeni funksiya verməkdir. Meriya ilə bir ildir ki,
təmaslarımız var. Laşa Lobcanidze ilə şifahi razılığa gəlmişik.
Bizim alman həmkarımız da gəlmişdi və hamımız birgə görüşdük.
Meriyadan, eləcə də Mədəniyyət Departamentindən də razılıq var idi.
Təəssüf ki, biz meriyaya rəsmi məktub yazmağa başlayanda məktub
gecikdi və mən Zaur Darğallı ilə görüşməyə gəldim. O, birbaşa
imtina etmədi, nə də razılıq vermədi. Mənə aydın olmayan səbəblər
saydı”, – Mariam Eloşvili dedi və qeyd etdi ki, səbəblərdən
biri əhalinin buna qarşı çıxması idi.
“Mən başa düşmürəm, əhali buna niyə qarşı çıxsın. Ona
görə merə təklif etdim ki, bununla bağlı müzakirə aparaq və o, da
razılaşdı. Bu gün cənab Zaurun, yaxud digər müavinlərdən birinin
gələcəyini gözləyirdim, razılaşmışdıq. Ancaq heç kim gəlmədi. Mən
çalışacağam ki, Şaumyaniyə gedim və bu layihənin təqdimatını orada
keçirim. Biz iki yerdən maliyyə qazanmışıq. Biri beynəlxalq, digəri
isə yerlidir. Belə çıxır ki, bizim layihəmiz baş tutmur.
Çalışacağıq ki, dialoq (meriya ilə) alınsın.”
Eloşvilinin bildirdiyinə görə, layihə 19-cu əsrin tarixi
tikilisinin, mədəni irs obyektinin bərpasından və ona yeni
funskiyaların əlavə olunmasından ibarətdir. Meriya Şaumyanidə olan
kitabxana və ev muzeyinin bərpasına rəsmi razılıq verərsə,
çoxfunksiyalı təhsil sahəsi yaradılacaq və orada yenidən kitabxana
və muzey fəaliyyət göstərəcək. Eləcə də konfrans və mühazirə üçün
məkan, arxeoloqlar və mütəxəssislər üçün elmi laboratoriya, əlavə
sərgi sahəsi, təcrübələr üçün arxeoloji düşərgə və.s əlavə
olunacaq.
Bugünkü görüşdə Marneuli bələdiyyəsinin Mədəniyyət Mərkəzinin
direktoru Nato Şavişvili iştirak edirdi. O, Gənc Arxeoloqlar
Cəmiyyətinin layihəsi ilə tanış olub.
“Marneuli” radiosu hələ də meriyanın mövqeyini öyrənməyə çalışır.
Biz məsələ ilə bağlı Marneuli meri Zaur Darğallı və onun müavini
Laşa Lobcanidzeyə zəng vurduq. Onlar bizim zənglərimizə cavab
vermirlər.