Faxralıda 25 ədəd zibil konteynerinin olmasına baxmayaraq, kənddə yenə də qeyri-qanuni zibillik qalmaqdadır (FOTO)
16:14 / 14.07.2020
Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinlərini illərdir
yığılıb qalmış qeyri-qanuni zibillik və zibil konteynerlərinin
yetərsiz olması narahat edir.
Sakinlər "Marneuli" radiosu ilə söhbətləri zamanı bildirdilər ki,
zibillik kənddə təxminən 90-cı illərdən bu günə qədər mövcuddur.
Onların sözlərinə görə, ümumiyyətlə zibil konteynerinin olmadığı
küçələrdə yaşayan sakinlər zibillərini yay fəslində quruyan
Talaveri çayının ərazisinə atırlar. Sakinlər deyirlər ki, Talaveri
çayı yaz aylarında havalar yağışlı olduğu zamanlar su ilə dolur və
həmin vaxt zibillərin bir qismini su apararaq azaldır. Lakin ilin
qalan fəsillərində yığılıb qalan zibillər ərazidə xoşagəlməz
qoxunun yaranmasına səbəb olur.
Faxralı kənd sakini Fəqan Hüseynov kənddə zibil konteynerlərinin az
olmasından şikayətlənir. O, məsələ ilə bağlı dəfələrlə aidiyyəti
orqanlara ərizə yazdıqlarını, lakin problemin illərdir həllini
tapmadığını deyir.
"Hər kəs gətirib zibilini bura atır, zibil yeşikləri
yoxdur. Yağış yağanda buradan o tərəfə keçməklə də olmur. Təmiz
xəstəlikdir. Bununla bağlı neçə dəfə müraciət də olunub, amma
baxmırlar. Deyirlər ki, yaxşı olacaq. Mart ayından bu günə qədər
hər dəfə deyirlər ki, düzələcək. Bir-iki il əvvəl də şikayət
ərizəsi yazılıb, yenə də baxmırlar. Zibil tökənləri cərimələyək
deyirlər, amma belə olmaz. Əslində bura təmizlənməli, yol salınmalı
və zibil qutuları qoyulmalıdır. Zibil qabı yoxdursa, zibillərini
hara atsınlar? Kəndin bir-iki yerində var zibil qutusu, amma çox
azdır. Aidiyyəti orqanlara müraciət etmişik, amma hər dəfə deyirlər
problem araşdırılır, məsələ həll olacaq, lakin heç bir problem həll
olunmur", – Fəqan Hüseynov dedi.
Evinin zibilliyə yaxın ərazidə yerləşdiyini deyən kənd sakini
Seyfəddin Əhmədalıyev yaranan qoxunun onu və ailə üzvlərini narahat
etdiyini bildirdi. O, deyir ki, ətrafa səpələnən zibillərə və
yaranan üfunətli qoxuya görə yay fəslində evinin həyətində otura
bilmir.
"İt, pişik, qoyun leşi atırlar. Yel əsəndə, gün çıxanda
nəfəs almaq mümkün olmur. Departamentə də zəng vurmuşam, merə də,
deputata da demişəm. Hə, yığışdıracağıq-yığışdıracağıq deyirlər.
Evim 20 metr deyil aralıdır zibillikdən. Deyəndə ki, tökmə
dalaşırlar ki, zibilliyin sahibisənmi. Sahibi deyiləm, xəstəlik
var. Korona budur. İndi paketlər var, pamperslər var, yel əsəndə
ingilis bayrağı kimi göydə gəzir. Salatmı yeyək, yeməkmi yeyək
bəlli deyil. Seçki olanda başlayırlar ki, hökumətə səs ver, hökumət
mənə nə edir?", – Seyfəddin Əhmədalıyev deyir.
Kəndin daha bir sakini Nazilə Şərifova da zibillərin ətrafa
atılmasından narahat olduğunu dedi. Onun sözlərinə görə, külək əsən
zaman ətrafdakı zibillər onlar üçün problem yaradır. Nazilə
həmkəndlilərinə zibili atmamalarını desə də, buna heç kimin məhəl
qoymadığını bildirdi.
"Burada yemək yeyə bilmirik. Gətirirlər zibili bura
tökürlər. Bütün stolumuzun üstünə dolur, iy verir. 10 metr aralı
yaşayırıq, pampers, zibillər – hamısını bura tökürlər. Külək əsəndə
bütün zibillər evə dolur. Deyirik atmayın, deməyin nə mənası var
ki?", – Nazilə Şərifova dedi.
Talaveri və Savaneti kəndlərinin İcra nümayəndəsi Novruz Ayvazov
“Marneuli” radiosu ilə söhbəti zamanı zibilliyin kənddəki ən böyük
problem olduğunu dedi. Ayvazov Bolnisi bələdiyyəsinin merinin
məsələdən xəbərdar olduğunu və zibil probleminin aradan
qaldırılması üçün yeni layihə üzərində işlənildiyini bildirdi.
"3 ildir, Novuz bayramından qabaq hər il kəndin müəyyən
hissələrinə qədər dərənin zibilini qismən də olsa, təmizləyirik. Bu
zibil 90-cı ildən də qabaq qalan problemdir. 4 İldir ki, mən
işləyirəm. 4 ildə 4 dəfə ekskavatorla zibilin müəyyən qismini
daşıtdırmışıq, müəyyən qismi qalıb. Bizim kəndin ən böyük problemi
zibil problemidir. Yaxın zamanlarda merimiz gəlib, baxıb, Tbilisidə
böyük bir layihə hazırlanır. Bizim kəndin aşağı hissəsindən yuxarı
hissəsinə 6 km uzunluğunda dərə deyilən, çay gələn yerin, qırağı
zibillikdir və smetasını hazırlayıb yaxın zamanlarda yəqin ki,
təmizləyəcəklər. Bizim kənddə zibil qutusu elə də az deyil. 50
metrdən bir mərkəzi yolla, 6 km yol hərlənib gəlir, düz axırıncı
nöqtəyə kimi 25 ədəd zibil qutusu qoyulub. İndi əlavələri də yazıb
vermişik, hansı küçəyə lazımdır, gətirib əlavə
edəcəklər", – Talaveri və Savaneti kəndinin İcra
nümayəndəsi Novruz Ayvazov dedi.
Ayvazov kənddə 25 ədəd zibil konteynerinin olduğunu və konteynerin
olmadığı küçələrə yenilərinin qoyulması üçün yazılı şəkildə
müraciət etdiyini bildirdi.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166