52 yaşlı Qurban Qurbanov polislər tərəfindən fövqəladə vəziyyəti
pozduğuna görə 3000 lari cərimələnmişdi və o, cəriməni ödəməli
olmayacaq.
Qurban Qurbanov 18 aprel tarixində Marneuli bələdiyyəsinin Algeti
kəndində cərimələnib. Polislər onu fövqəladə vəziyyət rejimini
pozmaqda, konkret olaraq ictimai məkanda hərəkət etmək qaydasını
pozmaqda ittiham ediblər.
“Mən buraya çörək almağa gəlmişəm. Çörək almağa icazə yoxdur? Polis
mənə deyir çörəyi niyə əlində tutursan. Deyirəm növbədə dururam.
Gözldiyim müddətdə adamlar səs-küy saldı ki, polis gəlir qaçın. Mən
də qaçırdım və bu zaman tutdular. Dedilər dayan mən dayanmadım.
Qaçmağa davam edirdim və məni təqib edirdilər. Hündür boylu kişi
idi. Gəlib boynumdan tutdu. Elə bil adam öldürmüşdüm. Məni maşının
yanına sürüklədilər”,– Qurban Qurbanov 21 aprel tarixində
demişdi.
Qurbanova İnsan Hüquqlarının Araşdırması və Monitorinq Mərkəzi
“EMC” hüquqi yardım göstərib. Təşkilatın bildirdiyinə görə, hüquq
pozuntusu protokolunu Kvemo Kartli Polis Departamentinə şikayət
ediblər. Müvafiq sübutlar təqdim olunduqdan sonra isə Qurban
Qurbanova qarşı tərtib olunan hüquq pozuntusu protokolu batil hesab
olunub.
“Polis Departamentinin açıqlamasına görə, qeyd olunan işdə polis
əməkdaşları Q.Q-nın həqiqətən də fövqəladə vəziyyət rejimini
pozmasını sübut edə bilməyiblər”,– EMC-nin
bəyanatında yazılıb.
EMC-nin hüquqşünası Keti Çutlaşvili “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, İnsan Hüquqlarının Araşdırması və Monitorinq
Mərkəzi fövqəladə vəziyyətin pozulmasına görə, cərimələnmiş daha
beş nəfərə hüquqi yardım göstərir. Onlardan biri Marneulili, dördü
isə Dmanisilidir. Kvemo Kartli Polis Departamenti daha bir
Marneulinin işinə bəraət qazandırmayıb və indi iş məhkəməyə
göndərilib. Kvemo Kartli Polis Departamenti dörd nəfər Dmanisilinin
işi ilə bağlı hələ qərar qəbul etməyib.
Dövlət tərəfindən elan edilmiş fövqəladə rejim qaydalarının
pozulması fiziki şəxslər üçün 3000 lari, hüquqi şəxslər üçün 15 000
lari cəriməni nəzərdə tutur. Əgər vətəndaş fövqəladə rejim
qaydalarını təkrar pozarsa o zaman cinayət məsuliyyətinə cəlb
olunur.