Marneuli bələdiyyəsinin Yuxarı Qullar kəndinin ictimai
məktəbində şagirdlərin əksəriyyətinin bu günə qədər bir neçə fənn
üzrə kitabı yoxdur.
Rus və Azərbaycan dili və ədəbiyyatı dərslikləri problemdir. Yuxarı
Qullar ictimai məktəbində ümumilikdə 168 şagird təhsil alır. Yerli
sakinlərin sözlərinə görə, təhsil müəssisəsində əsas problemlərdən
biri kitab çatışmazlığıdır. Təhsil prosesinin bərpasından iki həftə
keçir. Ancaq şagirdlərin bir qismi dərs prosesinə tam qoşula
bilmir.
“Hələ də kitab vermirlər. Bir kitab 30 laridir. 100 larilik kitab
lazımdır, mən bu qədər pulu hardan alım? Məktəb bizə kitab
verməlidir axı? Kitabı mən almalıyam yoxsa məktəb verməlidir?
“Məktəbdə ən böyük problem kitablardır. Uşaqlar və valideynlər öz
vəsaitləri ilə kitab almalı olurlar. Bütün valideynlərin kitab
almaq imkanı yoxdur axı”, – Yuxarı Qullar sakini
deyir.
Yuxarı Qullar ictimai məktəbinin təhsil şöbəsinin rəhbəri Tariyel
Hacıyev bildirdi ki, lazım olan kitabların siyahısını artıq
hazırlayıblar. Marneuli Resurs Mərkəzindən isə cavab
gözləyirlər.
“
Bizim rus dilli sektorumuz var. Rus dili və ədəbiyyatı
kitablarını Rusiyadan artıq göndərmirlər və valideynlər almaq
məcburiyyətindədir. Azərbaycan dili və ədəbiyyatını isə Azərbaycan
səfirliyi verir və bu kitabları uşaqlara paylayırıq. Digər
kitabların bir qismi artıq var və bu problem yavaş-yavaş həll
olunur Başqa məktəblərlə də əlaqə saxlayırıq və əgər onlarda
hansısa kitab qalıbsa, bizə verirlər.”
Marneulinin Resurs Mərkəzinin direktoru Kənan Ömərov bildirdi ki,
Qullar ictimai məktəbindən əlavə bu kimi problem Marneulinin başqa
təhsil müəssisələrində də var. Onun dediyinə görə, yaxın günlərdə
vəziyyətin düzələcəyini gözləyirlər.
“
Əsas kitablar əlbəttə Təhsil Nazirliyi tərəfindən
verilib və bütün məktəblərə paylamışıq. Kitab çatışmazlığı ilə
bağlı bu günlərdə cavab gözləyirik. Kitab çatışmazlığı uşaqların
səfərbərliyinə və ötən ilin sayına görə yarandı. Bəzi hallar oldu
uşaq məktəbdən çıxdı başqa məktəbə keçdi, bəzisinə yeni uşaq gəldi.
Əsas problem rus dilli məktəblərdədir. Rus dili və ədəbiyyatı
kitabı Gürcüstanda çap olunmur. Yaxın günlərdə kitablar
gətiriləcək”, – Kənan Ömərov dedi.
Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən
bildirdilər ki, məktəblərdəki kitab çatışmazlığı mərhələli şəkildə
həll olunacaq. Bütün Gürcüstan miqyasında kitabların verilməsini
Təhsil Nazirliyinin İnfrastruktur Agentliyi təmin edir.
Marneulinin ictimai məktəblərində təhsil prosesi 15 sentyabr
tarixində, təqribən yarım illik fasilədən sonra bərpa olundu.