Bu gün, 28 sentyabr tarixində Tbilisidə bir qrup etnik azərbaycanlı
gənclər tərəfindən Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən
hadisələrlə bağlı Azərbaycana dəstək aksiyası keçirilib.
Tbilisidə, Heydər Əliyev parkında başlayan aksiya daha sonra
Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında davam edib. Aksiya
iştirakçıları “Qarabağ bizimdir”, “Qarabağa azadlıq”, “Qarabağ
Türkündür” şüarları səsləndiriblər. Onlar həmçinin Gürcüstanın
işğalda olan torpaqlarına “Abxaziya-Osetiyaya azadlıq” şüarları da
səsləndirərək yürüyüş keçiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası qismən səfərbərlik elan edib.
Cəbhə xəttində hazırda Azərbaycan-Ermənistan arasında döyüş davam
edir.
Xatırladaq ki, cəbhədə gedən döyüşlər nəticəsində Füzuli–Cərbayıl
istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Yuxarı
Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan
əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları
darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.