Bu gün, 28 sentyabr tarixində Azərbaycanın Gürcüstandakı
səfirliyində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən
hadisələrlə bağlı xüsusi brifinq keçirildi.
Brifinq zamanı Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri
Eldar Bayramov Azərbaycanın həyata keçirdiyi əks-hücum
əməliyyatları barədə mətbuat orqanlarına ətraflı məlumat təqdim
etdi.
Müşavir brifinq zamanı bildirdi ki, ötən gün Ermənistan silahlı
qüvvələri Azərbaycana qarşı hücuma keçiblər. Onun sözlərinə görə,
Ermənistan ordusunun yaşayış məntəqələrini və mülki obyektləri
atəşə tutması nəticəsində Azərbaycanın mülki vətəndaşları arasında
ölən və yaralananlar olub, yaşayış evləri atəşə məruz qalıb.
Eldar Bayramovun bildirdiyinə görə, Ermənistan hakimiyyəti dinc
sakinləri hədəfə almaqla beynəlxalq hüquq normalarını kobud şəkildə
pozur.
“Ermənistanın siyasi-hərbi rəhbərliyi yeni hərbi
təxribata əl atıb. Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirib və
bir neçə kəndi işğaldan azad edib. Ordumuz hərbi əməliyyatları
davam etdirir və düşmənə ciddi zərbələr vurur. Hazırkı vəziyyət və
nəticələrlə bağlı məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə
düşür”.
Mətbuat nümayəndələrinə Ermənistan tərəfindən işğal olunmuş
Azərbaycan ərazilərindəki fotomateriallar, beynəlxalq təşkilatların
münaqişənin həlli üzrə qəbul etdikləri bir sıra qərar və
qətnamələrin surəti təqdim olundu.