Marneulidə demək olar ki, bütün ağaclara siyasi subyektlərin
seçkiqabağı plakatları vurulub. Bu hərəkət isə qanunla
cəzalandırılır.
2020-ci ilin 4 sentyabr tarixində Marneuli Bələdiyyə Məclisi
seçkiqabağı plakatların vurulmasının qadağan olunduğu yerləri
müəyyən edib. Həmin siyahıya ağac-bitkilər də daxildir.
“
Bu il təbliğat materialları ilə bağlı qadağalara
seçkiqabağı materialların vurulmasına icazə verilməyən subyektlər
də əlavə olunub. Həmin yerlər Marneulidə 26 may küçəsində yerləşən
dekorativ hasar, dayanacaqlar və ağac-bitkilərdir. Həmçinin,
bugünkü iclasda açıqlandı ki, təbliğat materiallarını küçə və
daxili fasadlara, mədəni tikililərə (kilsə, məscid, qəbiristanlıq
və s.), mədəni irsi abidələrə vurmaq olmaz. Eləcə də Marneulidə
Mədəniyyət Evinin ətrafında yerləşən dekorativ divara, Durmuşxan
Mağalaşvili adına körpüyə və körpüdəki dəmir qurğulara təbliğat
materialları vurmaq qadağandır. Bu kimi plakatların bələdiyyənin
mülkiyyətinə daxil olan elektrik dirəklərinə, sahibi ilə razılaşma
əsasında mağazalara və özəl obyektlərə vurulmasına icazə
verilir”, – Bələdiyyə Məclisi Aparatının sədri Nino
Beridze 4 sentyabr tarixində bildirmişdi.
“Avropalı Gürcüstan”-ın majoritar deputatlığa namizədi Əhməd
İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi ki,
Bələdiyyə Məclisinin qadağaları tətbiq etməsinə qədər Marneulidə
onun seçkiqabağı plakatları ağaclara vurulmuşdu.
“
Biz gözləyirdik ki, görək “Gürcü Arzusu” özünün
seçkiqabağı plakatlarını vuran zaman nə edəcək və “Gürcü
Arzusu”-nun meri, bu gün “Gürcü Arzusu”-ndan majoritar deputatlığa
namizəd olan şəxs özünün qoyduğu qanunu pozdu. Mən sabah “Avropalı
Gürcüstan”-ın Marneulidəki bütün ağaclarda olan
plakatlarını sökəcəm və görək “Gürcü Arzusu”
və “Milli Hərəkat” necə hərəkət edəcək”, – Əhməd
İmamquliyev bildirdi.
“Avropalı Gürcüstan”-dan fərqli olaraq “Vahid Milli Hərəkat” hələ
cərimələnməyib. “VMH”-ın Marneuli və Qardabani dairə seçki
qərargahının sədri Aqil Mustafayev bildirdi ki, onlar başqa
namizədlərin plakatlarının vurulduğunu gördükdən sonra özlərinin
seçki plakatlarını vurmağa qərar veriblər.
“Gürcü Arzusu”-ndan “Marneuli” radiosunun zənglərinə cavab
vermirlər.
“Marneuli” radiosu Marneuli meriyasından və Dairə Seçki
Komissiyasından hansı hüquqi reaksiya göstərəckləri barədə məlumat
almaq üçün hələ də cavab gözləyir.
Seçki plakatlarının ağaca vurulmasına görə adi vətəndaşlar 1000
lari, dövlət məmurları 2000 lari cərimə olunurlar.