Tbilisi Dövlət Azərbaycan dram teatrının əməkdaşlarının işdən azad olunmasına bədii rəhbər münasibət bildirdi
Tbilisi Dövlət Azərbaycan dram teatrının aktyorları və direktor müavini işdən azad olunmasına teatrın bədii rəhbəri Turqay Vəliyev öz münasibətini bildirdi. O, "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, teatrın əməkdaşlarının işdən azad olunmalarına onların 6 ay müddətində işə gəlməməsi və öz peşə vəzifələrini yerinə yetirməməsi səbəb olub. Turqay Vəliyevin sözlərinə görə, işdən azad oluna əməkdaşlarına dəfələrlə öz işlərinə qayıtmalarını istəyib, ancaq onlar işə gəlməyiblər.

"Onların işə gəlməməsi teatrın normal iş fəaliyyətinə mane olurdu. Yaranan vəziyyəti nəzərə alaraq bu şəxslərə keçən il qanun çərçivəsində töhmət verməyə məcbur oldum. Bu heç bir nəticə vermədi və bu şəxslər yenə də işə gəlmədilər. Daha sonra keçən ilin sonu yenə bir töhmət verməyə məcbur oldum. Bu ilin əvvəlində isə qanunu pozduqlarına görə maaşlarından 50 % kəsildi. Bu da heç bir nəticə vermədi və fevral ayından onlar artıq işdən azad olundular. Hər bir addım qanun çərçivəsində olmuşdur", – Turqay Vəliyev dedi.

Turqay Vəliyevin dediyinə görə, işdən azad olunan əməkdaşlar teatrı məhv etməyə çalışırdılar.

"Namiq Hacıyev və onun həmfikirləri çalışırlar ki, teatrı məhv etsinlər və teatr inkişaf etməsin. Biz buna heç zaman yol vermərik. Əksinə Tbilisi Dövlət Azərbaycan dram teatrını nümunəvi teatrlar sırasına qatmaq üçün çalışacağıq", – Turqay Vəliyev dedi.

Bədii rəhbər onu da əlavə etdi ki, hal hazırda teatrda olan vakant iş yerlərinə Azərbaycanlı aktyorlar və işçilər qəbul olunacaq.

"Gələcək üçün çoxlu maraqlı planlarımız var. Yeni tamaşalarla tamaşaçılarımızı sevindirəcəyik və eyni zamanda xarici beynəlxalq teatr festivallarında iştirak edərək teatrımızı nəinki Gürcüstanda, eləcə də xaricdə məhşurlaşdıracağıq", – Turqay Vəliyev dedi.

Turqay Vəliyev onu da əlavə etdi ki, teatrın bağlanması barədə heç bir söz ola bilməz, əksinə teatr inkişaf edəcək və nümunəvi teatrlardan biri olacaq.

Print ელ. ფოსტა
FaceBook Twitter Google