Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram
Teatrının işdən çıxarılan 11 əməkdaşının bəyanatını sizə təqdim
edirik:
1) Teatrın bugünkü vəziyyətə düşməsinin əsas səbəbkarları
Turqay Vəlizadəni teatra yerli icmanın və kollektivin rəyini nəzərə
almadan təyin edənlərdir və onlar bu təyinatı teatrı çökdürmək üçün
məqsədyönlü şəkildə ediblər;
2) Kollektiv Turqaya təyin olunduğu vaxtdan 9 ay şans verdi və
onunla işləməyə çalışdı, ancaq Turqayın qeyri-peşəkarlığı, öz
himayədarlarına güvənərək aktyorlara qarşı kobudluqları və
hədələri, ədalətsizlikləri və yekəxanalığı, ayrı-seçkiliyi və s.
kollektivdə mütləq çoxluğun narazılığına səbəb oldu. Hələ ötən ilin
payızında bu barədə Gürcüstan Mədəniyyət Nazirliyinə yazılı
şikayətlər oldu. Bütün bunlarla bağlı biz nazirliyə belə bir
rəhbərlə işləməyin mümkün olmadığını və boykot elan etdiyimizi həm
yazılı, həm də şifahi şəkildə çatdırdıq. Ancaq bilərəkdən heç bir
tədbir görülmədi;
3) Ölkənin koronavirusla bağlı belə ağır vəziyyətində aktyorların
işdən kütləvi azad olunması fürsətçillik və Turqayın iş
keyfiyyətlərinin olmaması bir yana, mənəviyyatının da hansı
səviyyədə olduğunu göstərdi. Məhz belə bir zamanda bu addımı atması
bir daha təsdiqləyir ki, o mənəviyyatsız adamdır və onunla işləmək
qeyri-mümkündür.
4) Turqay Vəlizadənin bu addımı ciddi hüquq pozuntusudur və təbii
ki, o, buna görə onu teatra təyin edən himayədarları ilə birlikdə
məhkəmə qarşısında cavab verəcək. Biz Gürcüstanda qanunun və
ədalətin aliliyinə inanırıq. Ona görə də əminik ki, nəinki məhkəmə
yolu ilə aktyorlar öz işlərinə qaytarılacaq, hətta bu ağır günlərdə
onlara sarsıdıcı zərbə vuran insanlar qanun qarşısında məsuliyyət
daşıyacaq və maddi təzminat ödəyəcəklər.
Teatrımızın və milli mədəniyyətimizin inkişafı, kobud şəkildə
pozulmuş hüquqlarımızın bərpası, günahkarların cəzalandırılması
üçün mübarizəmizi bütün instansiyalara baş vurmaqla sona qədər
aparmaqda qərarlıyıq və bunu açıq bəyan edirik.
Bizləri dəstəklədiklərinə görə icmamızın bütün üzvlərinə,
ziyalılarımıza, hüquq-müdafiəçilərinə minnətdarlığımızı
bildiririk.
P.S.
Bu bəyanat yalnız ictimaiyyətə deyil, eyni zamanda Gürcüstan
Mədəniyyət Nazirliyinə, Gürcüstanın bütün əlaqədar dövlət
qurumlarına ünvanlanan müraciətdir. Teatrın onurğasını təşkil edən,
bütün gənclik enerjisini bu teatra həsr edən 11 nəfərin səsini ən
azı ölkəmizin hüquq-məhkəmə sisteminin eşidəcəyinə inanırıq.
Mövzu ilə bağlı digər xəbərlər:
Tbilisi Dövlət Azərbaycan dram teatrının əməkdaşlarının
işdən azad olunmasına bədii rəhbər münasibət
bildirdi
Tbilisi Dövlət Azərbaycan dram teatrının aktyorları
və əməkdaşları işdən azad olundular