Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin Şeyxi Marneuli və Hucabinin Yepiskopunun bəyanatına münasibət bildirib
Marneuli və Hucabi Yepiskopu Qiorqi (Camdeliani) “İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi” (EMC) qeyri-hökumət təşkilatı nı, Samirə Bayramovanı və Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsini destruktv qüvvələr adlandırıb və onları dini və etnik zəmində mübahisə yaratmaqda ittiham edib.

Şeyx Mirtağı Əsədovun Marneuli və Hucabi yepiskopunun bəyanatı ilə bağlı şərhini olduğu kimi sizə təqdim edirik:

“Bildiyiniz kimi Marneuli rayonunun büdcəsindən gürcü kilsəsinin Marneuli (Hucabi) yeparxiyasına 400 000 lari ayrılıb və baxmayaraq ki, Marneuli sakinlərinin əksəriyyəti məhz müsəlmanlardır, məscidlərə yalnız 10 000 lari verilir. Bu yanaşma diskriminasiya xarakterli və ədalətsizdir. Belə ki, Bütün Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi olaraq eləcə də mülki fəal Samirə Bayramova və İnsan Hüquqlarının Araşdırılması və Monitorinq Mərkəzi (EMC) keçən ay məhkəməyə müraciət etdik. Biz öz ölkəmizdə – Gürcüstanda heç bir şəkildə dini diskriminasiyanı dəstəkləmirik, sadəcə ədalətli yanaşma tələb edirik. Amma təəssüf ki, özümüz belə yanaşmaların qurbanı oluruq. Ancaq müsəlman dini təşkilatı olaraq dinlər və konfessiyaların dialoqu üçün ilk addım atan biz olduq, Mariamoba münasibəti ilə Marneulidə Tbilisinin əlimiz çatan kilsələrində təbrik əlaməti olaraq qızıl güllər paylamağa məhz ilk biz başladıq. Eləcə də dəfələrlə kilsədə çıxış etmişəm, dostluq və bərabərlikdən söhbət açmışam. Müxtəlif dini nümayəndələrin çətin anlarında yanında olmuşam. Müsəlman ayinlərinə yaxud bayramlarına müxtəlif din nümayəndələrini dəfələrlə dəvət etmişəm. Ayrıca toplantılarda öz dinlərini, ənənələrini tanış etmələrini xahiş etmişəm.

Bizim ölkədə çox problem var, bunu özümüzdən başqa dinin və konfessiyaların nümayəndələri ilə yanaşı biz müsəlmanlar da hiss edirik. İstəyirik ki, Gürcüstan müxtəlif din nümayəndələri üçün sülh, qarşılıqlı hörmət və bərabərhüquqluluq məkanı olsun.

Buradaca Allahdan istəyirəm ki, tezliklə bizim vətəni və bütün bəşəriyyəti covid-19-dan xilas etsin, amin”,
– Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin şeyxi Seyid Mirtağı Əsədov.

Print ელ. ფოსტა
FaceBook Twitter Google