Qırmızıkənddən sağlamlığa zərərli olan tullantıların daşınması işlərinə başlanılıb
14:46 / 21.02.2020
“Marneuli” radiosunun hazırladığı süjetdən
sonra Marneuli meriyası Qırmızıkənddən sağlamlığa zərərli olan
tullantıların daşınması işlərinə başlayıb.
Qırmızıkənd sakini Aram Akopyan şəxsi “Facebook” səhifəsində
fotolar yayımlayıb. Həmin şəkillərdə xüsusi xidmətin sağlamlığa
zərərli tullantıları kənd ərazisindən necə daşıdığı əks olunur.
17 fevral tarixində “Marneuli” radiosunun efirində süjet
yayımlanmışdı. Süjetdə Marneuli meriyasının 6 aydır ki,
Qırmızıkənddən təhlükəli tullantıları daşımadığı bildirilirdi.
Xatırladaq ki, 2019-cu ilin 11 iyul tarixində Marneulidə baş vermiş
güclü təbii fəlakət nəticəsində Qırmızıkənd və daha bir neçə kənddə
391 evin dam örtüyünə zərər dəymişdi.
Qırmızıkənddə evlərin əksəriyyətinin damı asbestdən hazırlanmış
şiferlərlə örtülmüşdü. Güclü dolu nəticəsində dam örtükləri sınaraq
yararsız hala düşdü. Düzdür, hakimiyyət sakinlərə evlərini təmir
etməsi üçün material verdi, lakin sınmış asbest şiferlər kənddən
hələ də daşınmayıb.
Ekologiya sahəsində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatı CENN-nin nümayəndəsi Kaxa
Ruxaianın “Marneuli” radiosu ilə söhbəti zamanı verdiyi məlumata
görə, asbest lifləri insan sağlamlığı üçün çox təhlükəlidir, çünki
tənəffüs zamanı udacağımız liflər xərçəng xəstəliyinə səbəb ola
bilər.
"Asbest tullantıları ilə işləyən zaman xüsusi normalara
riayət olunmalıdır. Mütləq əleyhqazdan istifadə olunmalıdır ki,
liflər orqanizmə daxil olmasın. Sökülən zaman isladılmalı və böyük
polietilen torbalara yerləşdirilməlidir”, – Kaxa
Ruxaia bildirir.
CENN-in nümayəndəsi onu da qeyd edir ki, asbest tullantıları küçədə
bir dəqiqə də qalmamalıdır.
Marneuli meri Zaur Darğallı 12 noyabr 2019-cu il tarixində
“Marneuli” radiosu ilə söhbəti zamanı Qırmızıkənd sakinlərinə şifer
qırıqlarının meriya tərəfindən daşınacağını vəd etmişdi. Həmin
vaxtdan isə artıq 3 ay ötüb.