Polis 24 saat ərzində fövqəladə vəziyyət rejiminin pozulması ilə bağlı 238 fakt müəyyən edib
Daxili İşlər Nazirliyinin əməkdaşları Gürcüstan hökuməti tərəfindən tətbiq olunmuş komendant saatı çərçivəsində qoyulan məhdudiyyətləri pozanların müəyyənləşdirilməsi məqsədilə 24 saatlıq rejimdə işləməyə davam edirlər. Ölkədə koronavirusun yayılmasının qarşısının alınması üçün polis bütün qanun pozuntularına operativ şəkildə reaksiya göstərir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son 24 saat ərzində hüquq mühafizəçiləri fövqəladə vəziyyət və komendant saatı qaydalarının pozulması ilə bağlı 238 yeni fakt aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin əməkdaşları 4 aprel axşam 9-dan 5 aprel səhər saat 6-dək ölkə miqyasında 113 vətəndaşı komendant saatı qaydalarını pozduğuna görə cərimələyib.

Bundan əlavə, polis 21 vətəndaşı ictimai yerdə 3 nəfərdən çox adam toplaşdığı və 2 metrlik sosial məsafəyə riayət etmədiyi üçün cərimələyib.

1 hüquqi şəxs və 1 fiziki şəxs iqtisadi fəaliyyətlə bağlı məhdudiyyətləri pozduqlarına görə cərimələnib.

Polis Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə birlikdə, özünü təcrid etmiş vətəndaşlar üzərində gücləndirilmiş nəzarəti davam etdirir. Birgə monitorinqlər nəticəsində 12 təcrid qaydaları pozuntusu faktı aşkar edilmişdir.

Bundan başqa, polis sərnişin daşımaları və avtomobillə hərəkət qaydalarının pozulmasına görə 90 nəfəri cərimələyib.

Məlumat üçün qeyd edək ki, fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə səbəb olur ki, buna görə də fiziki şəxs üçün 3000 lari, hüquqi şəxs üçün isə 15 000 lari cərimə nəzərdə tutulur.

Daxili İşlər Nazirliyi vətəndaşları fövqəladə vəziyyət rejimi ilə bağlı məhdudiyyətlərə əməl etməyə çağırır, əks halda qanuna uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google