Bu günədək Marneulidə fövqəladə rejimin pozulmasına görə 135
vətəndaş cərimə olunub.
Bu barədə məlumatı Bələdiyyə Məclisinin bugünkü növbədənkənar
iclasında məclis sədrinin müavini Mamuka Naveriani verib. O,
söhbətin hansı cərimələrdən getdiyini, neçə nəfər hüquqi şəxsin,
neçə nəfər fiziki şəxsin cərimələndiyini dəqiq bildirməyib.
Bələdiyyə Məclisinin sədr müavini məlumatları daha sonra bizə
verəcəyini vəd etdi.
Qeyd edək ki, fövqəladə vəziyyət qaydalarının pozulmasına görə
fiziki şəxslər 3 000, hüquqi şəxslər isə 15 000 lari həcmində
cərimə olunurlar.
Ölkə miqyasında fövqəladə vəziyyət 21 mart tarixində elan
olunub.
Xatırladırıq ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart
tarixində ciddi rejimli karantin elan olunub. Hökumət bu barədə
qərarı Marneulidə bir qadında koronavirus aşkarlandıqdan sonra onun
yoluxma mənbəyinin müəyyən olunmamasına görə verib.