Tbilisidə çalışan Marneulili fəhlələrkarantin müddəti başa çatanadək bələdiyyə ərazisini tərk edə bilməyəcəklər (VİDEO)
Bu gün, 8 aprel tarixində Təzəkənd və Algeti sakinləri Marneuli meriyası qarşısında toplaşmışdılar. Meriya qarşısına toplaşanlar Tbilisidə tikintidə işləyirlər. 23 mart tarixində bələdiyyə ərazisində karantin elan olunduğuna görə, işə gedə bilmirlər. Deyirlər ki, iş yerlərini itirirlər, bəziləri isə hətta işlədikləri müddət üçün əməkhaqlarını belə ala bilməyiblər.

35 nəfər fəhlə 20 günlük işlərinin əməkhaqqını ala bilməyib, Marneuli merindən kömək istəyirlər və işlərini itirməmək üçün Marneulinin yolunun açılmasını tələb edirlər.



Marneuli meriyası qarşısına toplaşanlarla meriyanın heç bir əməkdaşı görüşməyib. Toplaşanlar problemlərini Üzvi Tullantıların Emalı Müəssisəsinin direktor müavini İoseb Cikaşvili qeydə aldı və bildirdi ki, bu məsələləri yuxarı – meriya əməkdaşlarına çatdıracaq.

“Heç nə, bəzilərinin ehtiyacı var, bəzilərinin yeməyi yoxdur, bəzilərinin evi yoxdur, bəziləri Tbilisidə işləyir və gedə bilmirlər. Kimin nə problemi var, gəlir, qeydə alıram, yuxarı bildirəm, qərar verirlər. Mütləq kömək olunur, elə bir hal yoxdur ki, axıra qədər kömək olunmasın”, – İoseb Cikaşvili deyir.

Marneuli merinin müavini Laşa Lobcanidzenin “Marneuli” radiosuna bildirdiyinə görə, bələdiyyə ərazisinin bağlanmasından sonra ərazidə qalmış bütün vətəndaşlara karantin rejimi tətbiq olunur.

“Biz Marneulidə qalmış, lakin yaşayış yerləri kənarda – Rustavidə, Tbilisidə və s. olan vətəndaşlara həkim nəzarəti altında iki həftəlik karantində qalmağı və sonra ərazini tərk etməyi təklif etdik. Marneuli sakinlərinə gəlincə isə, karantin rejimi hər kəsə aiddir və bu müddət başa çatanadək heç kəs ərazini tərk edə bilməyəcək”, – Laşa Lobcanidze dedi.

Qeyd edək ki, Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan olunub. Bu barədə Gürcüstanın baş naziri Qiorqi Qaxariya bəyanat vermişdi.

31 mart tarixindən isə bütün Gürcüstan miqyasında komendant saatı elan olunub. Vətəndaşlara axşam saat 9-dan səhər saat 6-dək evdən çıxmaq qadağan olunur.



Print ელ. ფოსტა
FaceBook Twitter Google