Yepiskop Qiorqi Marneuli Bələdiyyə Məclisinin sədrini Nərimanovun heykəli məsələsi ilə bağlı qanunu pozmaqda ittiham edir
13:08 / 13.07.2020
Marneuli və Hucabinin yepiskopu Qiorqi (Camdeliani) Marneuli
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzeni qanunu pozmaqda
ittiham edir.
Yepiskopun bildirdiyinə görə, Nəriman Nərimanovun abidəsi məsələsi
ilə bağlı təşəbbüs qrupu yaradılıb və qrup Marneuli Bələdiyyə
Məclisinə Nərimanovun abidəsi məsələsi ilə bağlı müraciət edib.
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze isə məsələnin
müzakirəsindən imtina edib.
“Birbaşa desək, Bələdiyyə Məclisinin sədri bu məsələni
gündəliyə çıxarmaqdan imtina edir. Bununla da mer kimi o, da qanunu
pozur. Faktiki olaraq bizə başqa yol qoymurlar ki, Konstitusiya ilə
verilən hüquqdan istifadə edək. Amma bu mübarizəni mütləq sona
çatdıracağıq, bunu hamı bilsin. Məni heç nə dayandıra
bilməz”, – Yepiskop Qiorqi dedi.
Marneuli və Hucabinin yepiskopunun bildirdiyinə görə, Marneuli
Bələdiyyə Məclisinin sədrinə sənədlər verib və həmin sənədlərə
əsasən müəyyən olur ki, Qaraya və Qareci otlaqlarının Azərbaycana
məxsus olması sənədində Nəriman Nərimanovun imzası var.
“Çox təəssüf ki, özünüidarə öz vəzifəsini yerinə
yetirmədi və bizim ictimaiyyət tərəfindən göstərilən etimad
mandatından dövlətə qarşı istifadə edirlər. Bu gün baş verənlər
dövlətçiliyə qəsddir”, – Qiorqi dedi.
Marneuli Bələdiyyə Məclisinin sədri “Marneuli” radiosunun
zənglərinə cavab vermir. Bələdiyyə Məclisinin İctimaiyyət, Mətbuat
və QHT sektoru ilə əlaqələr və gender şöbəsinin rəhbəri İa Esabua
bizimlə söhbəti zamanı bildirdi ki, Nərimanovun abidəsi məsələsi
Bələdiyyə Məclisinə daxil olub. İndiki mərhələdə məsələni Bələdiyyə
Məclisinin İnfrastruktur Komissiyası müzakirə edir və müvafiq
olaraq məsələ Bələdiyyə Məclisinin iclasında hələ müzakirə oluna
bilməzdi.
Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi 24
may tarixində yepiskop Qiorqinin (Camdeliani) həftəlik ayin zamanı
verdiyi bəyanatdan sonra başladı. O zaman Marneuli və Hucabinin
yepiskopu Nərimanovun abidəsinin bərpasına görə Marneuli meri Zaur
Darğallını qanunu pozmaqda ittiham etmişdi.
Marneuli və Hucabinin yepiskopu həmçinin, bildirmişdi ki,
Nərimanovun abidəsinin bərpası işləri üçün vəsait Marneuli
bələdiyyəsinin büdcəsindən xərclənməyib və Marneuli meri abidəni öz
vəsaiti ilə təmir etdirib. Marneuli meriyasından Nərimanovun
heykəlinin bərpasına pulun haradan ayrıldığı ilə bağlı “Marneuli”
radiosunun rəsmi məktubuna hələ də cavab gəlməyib.
Marneulidə abidələrə qulluq göstərmək bələdiyyənin təmizlik
xidmətinin öhdəliyindədir. “Təmiz Marneulinin” direktoru Leri
Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
Nərimanovun heykəlinin bərpasına 7000 lari xərclənib. Onun
sözlərinə görə, şirkət abidələrə qulluq üçün büdcə ayırıb və
Nərimanovun abidəsinin bərpası da merin sərəncamı əsasında məhz
həmin məbləğlə həyata keçirilib.