Merin Qaçağandakı nümayəndəsi Ehtiram Əliyev koronavirusa yoluxmuş ailənin ittihamlarına cavab verdi
16:13 / 13.07.2020
Kirəç Muğanlı kəndində koronavirusa yoluxmuş 38 yaşlı qadının
karantin müddətində məhsulunun yanmasına görə şikayəti ilə bağlı
“Marneuli” radiosu xəbər hazırlamışdı.
Vüsalə Bayramova “Marneuli” radiosuna video müsahibəsi zamanı
bildirmişdi ki, anasında və onda virus təsdiq olunduqdan sonra ailə
üzvləri karantinə aparılarkən evinin qapı-pəncərəsini bağlamağa
imkan verilməyib və onlar karantində olarkən məhsulu
suvarılmadığdan məhv olub. Bayramova məhsuluna dəyən ziyana görə
Qaçağan inzibati ərazi vahidliyinin icra nümayəndəsi Ehtiram Əliyev
və qonşusu Rəhman Musayevi günahlandırırdı.
Məsələyə aydınlıq gətirmək üçün Ehtiram Əliyevlə əlaqə saxlamağa
çalışsaq da, o, həmin vaxt telefon zənglərimizə cavab verməmişdi.
“Marneuli” radiosunun hazırladığı video süjetdən sonra kəndin icra
nümayəndəsi Ehtiram Əliyev Vüsalə Bayramova və yoldaşı Niyaməddin
Əmirxanlı tərəfindən ünvanına səsləndirilən mənfi fikirlərə
münasibət bildirdi.
Əliyev “Marneuli” radiosu ilə söhbəti zamanı Vüsalə Bayramovanın
ailə üzvlərinə qarşı heç bir zorakılıq tətbiq etmədən, həkim və
polislərin iştirakı ilə xəstəxanaya, yoldaşı və uşaqlarının isə
karantinə aparıldığını bildirdi.
O, bu qərarın onunla hər hansı bir əlaqəsinin olmadığını, polis və
həkimlərin tələbi əsasında ailə üzvlərinin karantinə aparıldığını
dedi.
“Biz heç vaxt heç bir vətəndaşa zor tətbiq etməmişik.
Bu qərar pandemiya ilə bağlı fövqəladə vəziyyət komissiyasının
qərarıdır. Bu qərar əsasında vətəndaş xəstəxanalarda müalicə alır,
karantin rejiminə alınır və ya otellərdə 14 günlük karantində
qalmalı olur. Bu qərarı biz vermirik. Bu qərarı verən dövlətin
xüsusi qurumları var, həm Marneuli rayonun, həm də respublikanın
həkimləri var. Biz orada sadəcə yerli hakimiyyət olaraq iştirakçı
qsimindəyik. Bizə sadəcə olaraq zəng gəlir ki, biz gəlib bu ad
soyadlı adamı aparasıyıq, biz də gedib bir təmsilçi olaraq orada
iştirak edirik. Bizim heç birimizin səlahiyyəti ona imkan vermir
ki, gedək orada kiməsə zor tətbiq edək. Bizim laboratoriyamız
yoxdur, həkim deyilik ki, kimdənsə analiz götürək. Müsahibə verən
insanların, vətəndaşların fikirlərin belə başa düşürəm ki, onlar
elə bilirlər ki, biz həkimik, biz qərar veririk. Xeyr, biz həkim
deyilik. Bizim məsuliyyətimiz var, bizim ərazimizdə kiminsə
problemi varsa, kömək etməyə çalışırıq.”
Ehtiram Əliyev Bayramovanın məhsulunun yanmasında onu
günahlandırmasına da açıqlama gətirdi. O, ailənin xəstəxanada və
karantində qaldığı müddət ərzində əkdikləri qarğıdalını
suvardığını, hətta köməyə Bayramovanın qohumlarını da çağırdığını
dedi. İcra nümayəndəsinin sözlərinə görə, qarğıdalıdan başqa Vüsalə
Bayramovanın evinin həyətində əkdiyi kələm və xiyar onlar karantinə
alınmazdan əvvəl də yanmış vəziyyətdə olub.
“Onlar gedəndən sonra meliorasiya xidmətinin
nümayəndəsi var, Dövran Hümbətov, mən ona müraciət etmişəm ki, ailə
karantinə gedib, gəlin kömək edək, suvaraq. Qarğıdalı sahəsi var
idi, suvardıq. Onların qohumları da var idi, dedik gəlin suvaraq,
gəldilər, suvardıq. Amma istixana və kələmlə bağlı dediyi məsələ
bizə qədər o vəziyyətdə idi, yanmış halda idi. Bizə qədər o məsələ
var idi, bilmirəm özləri necə suvarmışdılar. Biz o suyu təşkil
etdik, suvarıldı. Bunun əksini “Marneuli” radiosunda dinlədik, amma
vətəndaşlar səhv başa düşməsinlər. Biz heç bir zaman, heç bir
vətəndaşa qarşı mənfi düşüncə ilə yanaşmamışıq. Əksinə, onun
problemlərinin həllinə çalışırıq. Çalışırıq ki, onun üzləşdiyi
problemlərlə yaxından tanış olaq və səlahiyyətimizin çatdığı qədər,
imkan daxilində o insanın yanında olaq.”
Ehtiram Əliyev Vüsalə Bayramova və yoldaşı Niyaməddin Əmirxanlının
“Marneuli” radiosuna verdikləri video müsahibədən sonra sosial
şəbəkələrdə onunla bağlı səsləndirilən mənfi fikirlərə etiraz
etdiyini bildirdi. O, işlədiyi müddət ərzində kənd sakinlərinin
problemləri ilə yaxından maraqlandığını və sakinlərə qarşı heç vaxt
pis fikirdə olmadığını və daim onların problemlərinə çıxış yolu
axtardığını dedi.
Əliyev Niyaməddin Əmirxanlının karantinə aparıldığı zaman onun
içkili olması fikirlərinə də aydınlıq gətirdi. O, həmin vaxt içkili
olmadığını və bu fikrin səhv olduğunu bildirdi. Əliyev ailənin
karantinə aldatmaqla aparılmadığını və ailənin karantinə getməyə
razılığını alanadək təxminən 1 saat polis əməkdaşları ilə birlikdə
gözlədiklərini dedi. Onun sözlərinə görə, bir saat ərzində ailə
üzvləri televizorunu söndürə və qapı-pəncərəsini bağlaya
bilərdi.
“Sosial şəbəkələrdə yazılanlara etirazımı bildirirəm.
Çünki mənim işlədiyim dövrdə heç bir vətəndaşla bizim mənfi
münasibətimiz olmayıb, nə də ki, o düşüncənin insanı deyilik. Orada
bizə qarşı mənfi fikirlər səslənib ki, guya işçilərimizdən biri
içkili halda olub. Qətiyyən belə söhbətlərin yeri deyil. Əgər
söhbət məndən gedirsə, orada polis əməkdaşları da olublar, onlardan
da soruşa bilərsiniz. O, adam getmək istəmirdi. O müddət ərzində o,
çöldə qalan əşyalarını içəri apardı. Bir saat, yarım saat ərzində
gedib televizorunu da söndürə bilərdi, işlərini də görə bilərdi.
Ona heç kim – nə həkim, nə də polis əməkdaşları təzyiq göstərmədi
və sadəcə onlara vəziyyət başa salındı.”
“Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsində çalışan Vüsalə
Bayramova və iş yoldaşında koronavirus 8 iyun tarixində qeydə
alınmışdı. 12 iyun tarixində isə Bayramovanın anası da koronavirus
diaqnozu ilə xəstəxanaya aparılmışdı. 20 iyun tarixində isə Kirəç
Muğanlı kəndində daha bir nəfərdə koronavirus təsdiqlənmişdi. Qeyd
edək ki, virusa yoluxan sakinlər hazırda sağalıblar.