Avqustun 11-də Bakıda Serbiya və Azərbaycan hökumətlərinin
nümayəndələrinin iclası keçirilib və Ermənistana silah satışı ilə
bağlı Azərbaycanın Serbiyaya qarşı ittihamları müzakirə edilib.
Baş nazirin müavini, daxili işlər naziri və eyni zamanda Milli
Təhlükəsizlik Şurasının katibi Neboja Stefanoviç məsələni müzakirə
etmək üçün Azərbaycana gəlib.
Avqustun 11-də onunla görüşdə Azərbaycan tərəfindən Təhlükəsizlik
Şurasının katibi Ramil Usubov, Prezident Administrasiyasının Xarici
Əlaqələr Departamentinin rəhbəri Hikmət Hacıyev, Xarici İşlər
Nazirinin müavini Araz Əzimov və Azərbaycanın Serbiyadakı səfiri
Eldar Həsənov iştirak edib.
Apa-nın məlumatına görə, iclasda Azərbaycan hakimiyyətinin
ittihamları müzakirə olunub. Həmin ittihamlara əsasən, iyul ayında
Ermənistan-Azərbaycan sərhədinin yenilənmiş münaqişəsi zamanı
Ermənistan tərəfi Azərbaycana qarşı "Serbiyada hazırlanmış
silahlardan" istifadə edib.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandar Vuçiçi Azərbaycan
Prezidenti İlham Əliyevlə telefonla danışıb. Apa-nın məlumatına
görə, prezident Vuçiçi "Ermənistanın hərbi toqquşmalarda Serbiya
istehsalı olan silahlardan istifadə etməsindən təəssüfləndiyini
bildirib" və vəziyyətin araşdırılması üçün yüksək səviyyəli Serbiya
nümayəndə heyətinin Bakıya gələcəyini söyləyib.
Bundan əvvəl, iyulun 20-də Azərbaycan mətbuatı Serbiyanın
Azərbaycandakı səfiri Danika Veinoviçin Azərbaycan Xarici İşlər
Nazirliyinə çağırıldığını xəbər vermişdi.
"Serbiyanın Ermənistana silah satması" haqqında məlumat əvvəlcə
hökumətyönlü nəşri haqqin.az tərəfindən iyulun 19-da yayımlanmış,
bundan sonra 20 iyulda Serbiyanın Azərbaycandakı səfiri Danika
Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Haqqin.az yazırdı ki, Serbiya və Rusiya, Gürcüstan vasitəsi ilə
Ermənistana silah tədarük etmişlər ki, bunu da Gürcüstan qəti
şəkildə rədd etmişdi.
“Netgazeti”yə verdiyi şərhdə Xarici İşlər Nazirliyi bunu "iki
strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə
problem yaratmağa yönəlmiş dezinformasiya"adlandırmışdı.
Azərbaycan tərəfi rəsmi olaraq bu məsələ ilə bağlı Gürcüstandan
izahat tələb etməyib.
Baş nazir Qiorqi Qaxaria, "Gürcüstan və Azərbaycan arasında
strateji tərəfdaşlıq və qardaşlıq üçün heç bir təhlükə olmadığını"
söyləmişdi.