Azər Süleymanov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Azərbaycan
Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə deputat öz
şəxsi "Facebook" səhifəsində paylaşım edib.
Azər Süleymanovun yazdığına görə, o, sizin qətiyyətli addımlarınız
sayəsində tezliklə torpaqlarımız azad ediləcək.
Həmin paylaşımı olduğu kimi sizə təqdim edirik.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə
Gürcüstan Parlamentinin deputatı Azər Süleymanovun
MÜRACİƏTİ
Möhtərəm Prezident!
Son 30 ildə Azərbaycanın ərazi bütövlüyü daima mənfur qonşumuz
Ermənistanın və erməni terror silahlı birləşmələrinin işğalçı
hücumlarına məruz qalmış və bu işğalçılıq siyasəti və onların
havadarlarının dəstəyi sayəsində Azərbaycan 20 faiz ərazisini
itirmişdir. Cənubi Qafqazda mehriban qonşuluq münasibətlərinə
böyük zərbə vuran ermənilər, Azərbaycanla birgə, doğma
Gürcüstanımızın da ərazisinə və əhalisinə qarşı ağılasığmaz
vəhşiliklər törətmişdir. Bu gün hər iki dost, qardaş ölkənin
ərazi bütövlüyünün bərpa edilməsinə qarşı üçüncü qonşu
dövlət-Ermənistan tərəfindən daima təhdidlər yağdırılır. 1988-ci
ildən bəri Azərbaycanın sağalmaz yarasına çevirilən Qarabağ
itkisi və savaşı bu gün bütövlüklə Azərbaycan-Ermənistan
sərhəddi boyunca daha da alovlanmaqdadır.
Hörmətli Prezident İlham Heydər oğlu!
Sizin dəqiqliklə yürütdüyünüz daxili və xarici siyasətin
sayəsində biz bir daha əmin olduq ki, uzaqgörənliyinizin və Ali
Baş Komandan olaraq ən həssas nöqtəsinə qədər hesablanmış hərbi
taktikanızın bu gün geniş miqyasda icrası, zamanın tələbi kimi
qarşınızda müqəddəs vəzifəyə çevirilmişdir. Azərbaycan
əsgərinin hərbi gücünün ifadəsi olaraq bir neçə il öncə baş
vermiş “Lələtəpə əməliyyatı” artıq qüdrətli və döyüşkən ruhlu
bir ordumuzun olduğunu göstərdi. Mənfur düşmən bundan dərs
çıxartmayaraq bir neçə ay öncə, yenidən cəbhə xəttini
dəyişməklə Qarabağdan yüzlərlə kilometr aralı Tovuz rayonu
istiqamətində Azərbaycanın ərazilərinə işğalçı niyyətlə
soxulmağa cəhd etdi. Ancaq Azərbaycan ordusunun cavab atəşiylə
düşmənin hərbi qüvvələri bir daha darmadağın edildi. Bu
döyüşdə general Polad Həşimov və polkovnik həmyerlimiz İlqar
Mirzəyev kimi dəyərli zabitlərimizin şəhid olması bizləri üzsə
də, o vaxtdan bu yana böyük savaşın olacağı günü səbrsizliklə
gözləmişik. Bu gün 27 sentyabr o tarixin başlanğıcı ola bilər.
Əmin ola bilərsiniz ki, Gürcüstandakı soydaşlarımız 1990-cı
illərdə Qarabağ və Abxaziya savaşına könüllü qatıldığı kimi,
indi də Azərbaycan adlı Milli Dövlətimizin, Gürcüstan adlı
Böyük Vətənimizin ərazi bütövlüyü uğurunda hər bir
çağırışa hazırdır.
İnanırıq ki, Sizin qətiyyətli addımlarınız sayəsində tezliklə
torpaqlarımız azad ediləcək. Qafqaza böyük və əbədi sülhün
gəlməsi üçün hər yerdə və hər iki qardaş ölkədə başlayacaq
anti-terror əməliyyatına əgər bizim də əsgərlərimizlə birgə
iştirakımız vacib olarsa, biz bir nəfər kimi buna hazır
olduğumuzu bəyan edirik.
Bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı
birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi
bütövlüyünün təmin olunmasına ciddi qərar vermişdir.
Dövlətimizin ərazi bütövlüyünün təminatı bizim qürurumuz və
müqəddəs borcumuzdur.
Bütün cəbhə boyunca qanı bahasına düşməni torpaqlarımızdan
vurub çıxardan Azərbaycan əsgərini Allah qorusun, yolunu müzəffər
eyləsin! Şuşaya şanlı bayrağı sancmaqda yoluna-qoluna
güc-qüvvət versin. Amin!"