Ulaşlı kənd sakinləri aksiya keçirirlər

Ulaşlı kənd sakinləri bu gün, 27 oktyabr tarixində yenidən aksiya keçirirlər.


Kənd sakinləri kəndin bir neçə məhəlləsinə yol işıqlarının çəkilməsinə baxmayaraq, əsas məhəlləyə işıqların çəkilmədiyini deyirlər. Sakinlər deyirlər ki, kəndə ayrılan yardım elə xərclənməli idi ki, bütün sakinlər bu məbləğlə görülən işin nəticəsindən razı qalmalı idilər.

Sakinlər həmçinin bildirirlər ki, seçkilərdə “Gürcü Arzusu”-na səs verilmədiyi halda onların məhəlləsinə işıq çəkilməyəcəyi deyilib. Onların sözlərinə görə, Marneuli meriyasının Əmlak İdarəsi Şöbəsinin rəhbəri və Özbaşına Zəbt olunmuş Torpaq Sahələrinin Leqallaşdırılması Komissiyasının sədri, Ulaşlı kənd sakini Coşqun Zeynalov həmin məhəlləyə işığın çəkilməyəcəyini bildirib.

“Biz şikayət etdik, gəldilər, dedilər ki, 25 ədəd plafon alınıb onun yarısı sizindir. Sonradan belə aydın oldu ki, gəlib çəkiblər. Coşqun Zeynalov sonra gəlib və deyib ki, o məhəlləyə işıq çəkilməyəcək. Sən hökumət nümayəndəsi olaraq bura gəlmisən və bilmirsən nə danışırsan. Keçən dəfə də mən qeyd etdim ki, bu hakimiyyətə də, məmurlara da bomba atmaq lazımdır. Getsin Ermənistana düşsünlər. Biz o partiyaya səs verməyəcəyik. Nəyə görə bunu siyasiləşdirirsən?! Vətəndaşın hamısının hüququ eynidir. Hansı partiyaya səs verirəm, verirəm. Məmurun biri gəlib burada uşaqlardan soruşub, biz bunu düzəltsək, siz 41-ə səs verəcəksinizmi?!”, – kənd sakini deyir.




Daha əvvəl Ulaşlı kəndində aksiya keçirilən zaman Qasımlı inzibati ərazi vahidliyinin deputatı Əşrəf Tükənov “Marneuli” radiosu ilə söhbətində yaxın gələcəkdə yolların işıqlandırılması üçün işlərin başlanacağını demişdi. O, işlərin başlaması üçün 3 plafonun lazım olduğunu söyləmişdi.

Bugün biz Əşrəf Tükənovla yenidən əlaqə saxladıq. O, “Marneuli” radiosuna müsahibəsi zamanı bildirdi ki, bu gün məhəllənin işıqlandırılması işlərinə başlanılacaq. O, işin başlaması üçün hazırda xüsusi briqadanın Ulaşlı kəndində olduğunu bildirdi. Əşrəf Tükənov sakinlərin “Gürcü Arzusu”na səs verməsələr, işıqlandırma işlərinin başlamayacağı ilə bağlı sözlərinə də münasibət bildirdi:

“O onların öz sözüdür. O yalan söhbətdir. Bizim üçün heç bir fərqi yoxdur, hamı Gürcüstan vətəndaşıdır. Bizim müqəddəs borcumuzdur ki, sakinlərin qulluğunda duraq. Bu iş bitsin sonra başqa işlər də tədricən həll olacaq",
– Tükənov dedi.

Məsələyə aydınlıq gətirmək üçün Marneuli meriyasının Əmlak İdarəsi Şöbəsinin rəhbəri və Özbaşına Zəbt olunmuş Torpaq Sahələrinin Leqallaşdırılması Komissiyasının sədri, Ulaşlı kənd sakini Coşqun Zeynalov ilə əlaqə saxladıq. O, sakinlərin onun barəsində söylədiyi fikirlərin yanlış olduğunu və onlara seçkidə "Gürcü Arzusu"-na səs toplamaları ilə bağlı hər hansı bir söz demədiyini bildirdi.

"Bu çox yanlış bir məlumatdır. Mən orada heç bir kənd sakini ilə görüşüb, əlaqə saxlamamışam. Küçələrin işıqlandırılması kəndə ayrılan layihə əsasında oldu. Hansı ki, məbləğ az idi. 41 plafon idi və 24-ü əlavə olundu və bir küçəyə bəs etdi. Digərinə çatmadı. Bu yalan bir məlumatdır", –
Coşqun Zeynalov bildirdi.

Xatırladaq ki, Ulaşlı kənd sakinləri 9 oktyabr tarixində aksiya keçirərək, kəndin yolunun təmirsiz olduğunu və küçə işıqlarının kəndin bütün küçələrində olmadığını deyirdilər.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google