"Sürücü önə yoxsa arxaya baxsın?" - Marneulinin ictimai nəqliyyatında tövsiyələrə riayət olunmasına necə nəzarət edilir
Marneuli bələdiyyəsində sərnişinlərin basabas doldurduğu ictimai nəqliyyat heç kimi təəccübləndirmir.

Ancaq nəqliyyat şirkətlərinə koronavirusun qarşısının alınması məqsədi ilə tövsiyələrə riayət etmək tapşırığı verildikdən sonra məsələnin tənzimlənməsi gündəliyə çıxarıldı.

Yeganə vacib tələb maska taxmaqdır. Sərnişinlərin ayaqda durması qadağandır.

Demək olar ki, pandemiyadan sonra vəziyyət çox da dəyişməyib. Sürücülər müştəriləri “itirmək” istəmirlər və buna görə də əksər hallarda oturacaqların sayından artıq sərnişin götürürlər ki, onlar da ayaq üstə durmalı olurlar. İki metrlik məsafənin saxlanılması üçün müvafiq işarəedici yazı isə görünüş üçün vurulub. Mövcud problemlə bağlı bələdiyyədə fəaliyyət göstərən iki nəqliyyat şirkəti – “Avtopark” MMC-nin direktoru Qiqa Calağonia və “Ekspress Turist” MMC-nin rəhbəri Yuri Samxaradze ilə əlaqə saxladıq. Onların hər ikisi dedi ki, onlar üçün maska taxmaq qaydası bu gün də problemdir və ona görə də tez-tez monitorinq aparırlar. Yuri Samxaradzeni nəqliyyat vasitəsində sərnişin sayının çox olmasına inandıra bilmədik. O, qeyd etdi ki, indi onlarda sərnişin sayı nisbətən azdır.

“Bizim mövqeyimiz belədir: heç bir sərnişin maskasız olmasın – əgər nəqliyyat vasitəsinə maskasız minərlərsə, sürücüyə xəbərdarlıq edilib ki, həmin sərnişini nəqliyyat vasitəsindən düşürsün. Əgər sərnişin düşmək istəməzsə, sürücü maşını yerindən tərpətməyəcək. Əgər hər hansı problem yaranarsa, sonra polis çağırmalıdır. Sərnişin maşında oturur və arxada maskalarını çıxarırlar, bir neçə dəfə mən yoxladım, özüm bir həftədir monitorinq aparırdım. Onlara izah edirdim ki, maskanı çıxarmasınlar, yenə çıxarırlar. Bu zaman sürücü önə baxsın, yoxsa arxaya. Əgər görsə, həmin an xəbərdarlıq edir. Sanmıram ki, bizim nəqliyyata çox sayda sərnişin minsin. Seçkilərdən sonra yenə monitorinq aparacağam və özüm yoxlayacağam. Ancaq mən maşına baxanda görürəm ki, indi sərnişinlər daha azdır”, – “Ekspress Turist” MMC-nin rəhbəri Yuri Samxaradze bildirdi.

Qiqa Calağonia etiraf edir ki, onlar monitorinq zamanı sərnişinlərin müəyyən edilmiş saydan artıq olmasını müşahidə ediblər. Buna görə bir neçə dəfə müvafiq ölçülər də götürülüb.

“Vəziyyət bir az ağırdır, vətəndaşlar tövsiyələrə əməl etmir, ancaq çalışırıq ki, hər şəkildə nəzarət edək. Sürücülərə xəbərdarlıq edilib ki, sərnişinləri maskasız buraxmasınlar. Avtobuslarda çox sayda sərnişin olması isə düşünmürəm ki, tez-tez baş versin. Bir iki hal mümkündür, ancaq ona da nəzarət edirik. Bizim cərimə tətbiq etmək hüququmuz yoxdur, ona görə də çalışırıq ki, artıq və maskasız sərnişinləri düşürək və maşın yalnız bundan sonra öz hərəkətinə davam edir. Sürücülərə xəbərdarlıq edirik, buna hüququmuz var ki, cavab tələb edək, ancaq əksər hallarda onlar da günahkar deyil”, – “Avtopark” MMC-nin direktoru Qiqa Calağonia dedi.

Qeyd edək ki, “Avtopark” MMC Marneuli meriyasının balansında olan nəqliyyat şirkətidir. “Ekspress Turist” isə özəl şirkətdir və bələdiyyədə hərəkət edən 1 və 2 nömrəli xətlər bu şirkətə məxsusdur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google