Yaponiya hökuməti qarları təmizləmək üçün kifayət qədər resursu
olmayan ölkənin şimal rayonlarına təcili maliyyə yardımı edəcək.
Bu barədə Yaponiyanın dövlət torpaqları, infrastruktur, nəqliyyat
və turizm naziri Kadzuyosi Akaba bu gün Tokioda keçirdiyi mətbuat
konfransında bildirib.
“Hökumət qısa zamanda ehtiyac duyulan vəsaiti
hesablayacaq və qarın təhlükəsiz şəkildə təmizlənməsi üçün yardım
edəcək. Təmizləmə zamanı ölümlərin rekord sayda olmasından son
dərəcə narahatıq”, - o deyib.
Qeyd edək ki, qarın təmizlənməsi zamanı artıq 60-dan çox insan
ölüb. Onlar əsasən güclü qarın çökdürdüyü məkanları təmizləyərkən
növbəti çökməyə qurban gediblər və ya dam örtüklərinin çökməsinin
qarşısını almaq məqsədilə damı təmizləyərkən oradan yerə
yıxılıblar.
Xatırladaq ki, Yaponiyanın əsas adası olan Honsünün şimalında və
şimaldakı Hokkaydo adasında ötən ilin dekabrından bəri aramsız
olaraq güclü qar yağışı yağır. Bu, dəfələrlə nəqliyyatın
hərəkətində axsamalara səbəb olub, kommunal təsərrüfatın işini
pozub.
Mənbə: report.az