Tvitter rəhbərliyi Çinin ABŞ-dakı səfirliyinin səhifəsini əngəlləyib
T“Twitter” rəhbərliyi Çinin ABŞ-dakı səfirliyinin səhifəsində paylaşım edilməsini məhdudlaşdırıb.

Bu barədə məlumatı “Bloomberg” nəşri yayıb.

Bildirilib ki, buna səbəb səfirliyin səhifəsində rəsmi Pekinin Sincan Uyğur Muxtar Bölgəsi məsələsində yürütdüyü siyasətin izahının paylaşılması olub.

Nəşrin məlumatına görə, həmin paylaşımdan bir gün sonra - yanvarın 7-də sosial şəbəkə qaydalarının pozuntusu ilə əlaqədar post silinib. Paylaşımın yerində “tvit artıq əlçatan deyil” qeyd olunub.

“Twitter” şirkətinin nümayəndəsi məsələ ilə əlaqədar nəşrin sualını cavablandırıb

“Dehumanizasiyaya qarşı siyasətimiz pozulduğuna görə bu tvit ilə bağlı müvafiq tədbirlər gördük”, - şirkətin adının açıqlanmasını istəməyən əməkdaşı bildirib.

Müvafiq tədbirlər sonucunda yanvarın 8-dən bəri səfirliyin səhifəsində paylaşımlar edilmir.

Xatırladaq ki, ötən il ABŞ-ın keçmiş prezidenti Donald Tramp uyğurların hüquqlarının pozulması ilə bağlı Çinə sanksiya tətbiqinə dair qanun imzalayıb. Çində uyğurların sıxışdırılmasında iştirak edənlərin ABŞ-dakı bank hesabları dondurulub və onların Birləşmiş Ştatlara səfəri qadağan edilib.

Qeyd edək ki, Çində uyğur türklərinə qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Bölgəsində uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılmağa başlayıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.

Rəsmi Pekin uyğurların türk əsilliyini şübhə altına qoymaq üçün aktiv təbliğat aparır.
Mənbə:report.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google