Gürcüstan ilə Rusiya arasında quru sərhədlərin açılması yalnız hər
iki tərəfdə epidemioloji vəziyyət sabitləşdikdən sonra mümkün
olacaq.
Bu barədə Gürcüstan Baş nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi
nümayəndəsi Zurab Abaşidze məlumat verib.
O deyib ki, Rusiya tərəfinin xüsusi nümayəndəsi, səfir Qriqori
Karasinlə 2020-ci il noyabr ayında keçirdiyi onlayn görüşdə bəzi
məsələlər, o cümlədən yeni görüşün vaxtı barədə müzakirələr
aparılıb. Növbəti görüşün bu ilin birinci rübündə Praqada
keçirilməsi barədə razılıq əldə olunsa da, hələlik konkret vaxt
müəyyən olunmayıb. Bununla belə görüşün fevral-mart aylarında
keçiriləcəyi gözlənilir.
Onun sözlərinə görə, görüşdə iki ölkə arasında iqtisadi-ticarət,
nəqliyyat daşınmaları və humanitar məsələlər müzakirə olunacaq.
“Düşünürəm ki, görüşün keçiriləcəyi günədək iki ölkə
arasında quru sərhədlərin açılması ilə bağlı konkret məsələlər
müəyyən olunacaq”, – deyə Abaşidze vurğulayıb.
Mənbə: azertac.az