5 may tarixindən sonra Marneulidə peyvəndin vurulması prosesi fəal
şəkildə aparılır. Bu barədə “Geo Hospitals” çoxşaxəli tibb
mərkəzinin direktoru İoseb Mqaloblişvili “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi.
Mqaloblişvilinin sözlərinə görə, 18 yaşdan yuxarı olan əhaliyə
peyvənd vurulmasına başlandıqdan sonra Marneulidə də peyvənd
vurduranların sayı artıb.
“Sinopharm” vaksini də gətirildi. İki gün “Astrazeneka”
iki gün “Sinopharm” peyvəndi vurulur. “Sinopharm” peyvəndini daha
çox vurduranlar var. Çünki bildiyiniz kimi bu vaksin bütün yaş
qruplarını əhatə edir. Peyvənd vurdurmaq istəyənlər artıq iki həftə
əvvəldən yerləri tutub və demək olar 100% qeydiyyatdan keəçənlər
gəlib vurdurur. Gün ərzində təxminən 42 adama peyvənd
vururuq”, — İoseb Mqaloblişvili bildirdi.
Marneulidə "Astrazeneka" peyvəndinin vurulmasına 17 mart tarixində
başlanıldı. Bələdiyyədə 100 nəfərə yaxın adam qeyd olunan peyvəndi
vurdurub. "Sinopharm" vaksininin vurulmasına isə 5 may tarixindən
başlanılıb və indiki mərhələdə 80-ə yaxın adam peyvənd vurdurub.
Peyvənd vurdurmaq istəyənlərin sayının artmasına baxmayaraq,
onlardan neçə nəfərinin Marneuli sakini olduğunu müəyyən etmək
çətindir. Gürcüstanın hər bir vətəndaşı Marneulidəki “Geo
Hospitals” klinikasında peyvənd vurdura bilər.
Peyvəndlə bağlı Marneuli əhalisinin fərqli münasibəti var. Bizim
apardığımız sorğuda iştirak edən əhalinin bir qismi deyir ki,
ümumiyyətlə peyvənd vurdurmaq istəmir. Bir qismi isə buna hazır
olduğunu bildirir. Ancaq hansı peyvəndi vurdurmaq istədiklərini
bilmirlər.
Bizim apardığımız sorğuda iştirak edən əhalidən fərqli olaraq
Marneulidə peyvənd vurduranların fikri başqadır. Onlar “Marneuli”
radiosu ilə söhbətləri zamanı bildirdilər ki, koronavirusa qalib
gəlməyin yeganə yolu peyvənd vurdurmaqdır və qeyd edirlər ki,
peyvənddən sonra özlərini yaxşı hiss edirlər.