19 iyun tarixində Azərbaycanın görkəmli dövlət xadimi, Xalq
Cümhuriyyətinin qurucularından biri Fətəli Xan Xoyskinin qətlə
yetirilməsindən 101 il ötür.
Cümhuriyyətin ilk baş naziri və xarici işlər naziri 1920-ci ilin
iyunun 19-da Tbilisidə qətlə yetirilib.
Cümhuriyyətin süqutundan sonra Gürcüstan paytaxtına gedən
F.Xoyskini millətçi “Daşnaksütyun” Partiyası, “Nemezis” terror
təşkilatının üzvü Aram Yerkanyan arxadan vuraraq öldürüb. Müxtəlif
tarixi mənbələrə əsasən, qətl şəhərin o vaxtkı Qolovin prospektində
(indiki Şota Rustaveli prospekti) Opera və Balet Teatrı
yaxınlığında və ya keçmiş İrəvan meydanı (indiki Azadlıq meydanı)
yaxınlığında baş verib.
Atəş nəticəsində F.Xoyski hadisə yerində ölür, yanında olan AXC-nin
keçmiş daxili işlər naziri Xəlil bəy Xasmməmədov isə ağır
yaralanır. Xoyskinin hadisə yerində deyil, xəstəxanaya
çatdırılandan sonra dünyasını dəyişdiyi qeyd olunan tarixi
mənbələrə də rast gəlinir.
Erməni terrorunun qurbanı olan F.Xoyski Tbilisidə, Nəbatət bağı
ərazisindəki müsəlman qəbiristanlığında, indiki görkəmli
azərbaycanlıların panteonunda dəfn olunub. Panteonda 1920-ci ilin
iyulunda Tbilisidə ermənilərin qətlə yetirdiyi digər azərbaycanlı
dövlət xadimi - AXC parlamentinin sədr müavini Həsən bəy Ağayevin
məzarı yerləşir.
Azərbaycanın ilk hökumət başçısının qətli ilə bağlı Tbilisidə nəşr
olunan “Sakartvelo” (Gürcüstan) qəzetinin 23 iyun 1920-ci il
sayında nekroloq dərc edilib. Gürcüstanın Milli Parlament
Kitabxananasının dövrü mətbuat arxivində nəşrin həmin ilin iyun
ayına aid sayları tapılmayıb.
Mənbə: report.az