“Gürcüstan üçün Avropa yolunda tarixi imkan yaranıb. Bu
yol qan tökmədən və qurbanlarsız mümkün olmayıb, əcdadlarımız
tərəfindən salınıb”.
Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili Müstəqillik
Günü münasibətilə Tbilisidə Azadlıq meydanında keçirilən təntənəli
mərasimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ümumi dəyərlər Gürcüstanı Avropa
sivilizasiyası ilə çoxdandır bağlayır:
“Biz və Avropa
bu ənənələri davam etdirməliyik. Biz yaxşı anlamalıyıq ki, bu
dəyərlərin qorunması diktə olunmuş iradənin yerinə yetirilməsi,
milli identikliyin itirilməsi deyil, Avropaya yaxınlaşmaq özümüzə
qayıdışdır. Bu gün yaranmış real şansı əldən versək, nə
əcdadlarımız, nə də gələcək nəsil bunu bizə
bağışlayar”.
Dövlət başçısı bu gün Gürcüstan qarşısında yeni vəzifələrin
durduğunu qeyd edərək onların yerinə yetirilməsi üçün ilk növbədə
birlik və uzaqgörənliyin tələb olunduğunu deyib.
Daha sonra çıxış edən Baş nazir İrakli Qaribaşvili deyib ki,
Gürcüstanın əsas məqsədi müasir Avropa dövləti qurmaqdır: “Builki
Müstəqillik Günümüz xüsusi tarixi anda qeyd edilir. Martın 3-də
Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd ölkə olması üçün
müraciət imzalamışam. Bu, Gürcüstan tarixində tamamilə yeni
mərhələnin başlanğıcı olub”.
Hökumət başçısı qeyd edib ki, qısa vaxt ərzində Gürcüstanda Avropa
İttifaqına yaxınlaşmaq üçün bir sıra mühüm addımlar və islahatlar
həyata keçirilib.
İ.Qaribaşvilinin sözlərinə görə, qlobal çağırışlara baxmayaraq,
Gürcüstanda sabitlik və inkişaf hökm sürür:
“Gürcüstan
Avropa İttifaqının etibralı tərəfdaşıdır. Ölkəmiz İttifaqın
tərəfdaşları arasında lider mövqeləri tutur. Biz Avropa
İttifaqından ədalətli qərar gözləyirik”.
Parlament sədri Şalva Papuaşvili, müdafiə naziri Cuanşer Burmuladze
də çıxış edərək Müstəqillik Gününün əhəmiyyətindən danışıblar,
xalqı və xaricdə yaşayan gürcüləri bayram münasibətilə təbrik
ediblər.
Çıxışlardan sonra Müstəqillik Gününün qeyd olunduğu son 31 il
ərzində ilk dəfə olaraq Avropa İttifaqının (Aİ) himni
səsləndirilib, helikopterlər Gürcüstan və Aİ bayraqları ilə Tbilisi
səmasında uçuşlar yerinə yetiriblər.
Mərasimdə hökumət üzvləri, parlament, diplomatik korpusun
nümayəndələri, hərbi attaşelər və digər rəsmi şəxslər iştirak
ediblər. Azadlıq meydanında ilk olaraq Gürcüstanın Müdafiə
Qüvvələrinin hərbçiləri, xüsusi təyinatlılar, ABŞ hərbçiləri, hərbi
məktəblərin kursantları marşla yürüş ediblər. Uşaq xoru Gürcüstan
himnini ifa etdikdən sonra ölkənin müstəqilliyi və ərazi bütövlüyü
uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca hərbi xidmətə çağırılanların ölkə üzrə andiçmə mərasimi baş
tutub.