Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın bilavasitə
səbəbi hələ dəqiq bilinmir, lakin ölkə başçısı faciənin başladığı
binada 2750 ton ammonium nitratının olması barədə faktı
açıqlayıb.
Güclü partlayıcı maddələr 6 ildir təhlükəsizlik normalarına riayət
etmədən şəhər limanı və yaşayış məntəqələri yaxınlığında
yerləşdirilib.
Ammonium nitrat dağ-mədən avadanlıqları istehsalında istifadə
olunması ilə yanaşı gübrələrdə istifadə olunan sənaye kimyəvi
birləşməsidir. Melburn Universitetinin professoru Qabriel de Silva
“Guardian”a açıqlamasında partlayışın nəticələrinin aradan
qaldırılmasının "olduqca çətin olduğunu" və bunun yalnız xüsusi
tədbirlər ilə edilə biləcəyini bildirib.
Onun sözlərinə görə, bir tərəfdən ammonium nitrat yanğını söndürə
bilər, ancaq çirklənmişsə, məsələn, yağla birlikdə olduğu halda özü
güclü partlayış mənbəyinə çevrilir.
"Düşünürəm ki, bu vəziyyətdə də belə
oldu", – deyə o, bildirib.
Yuxarıda qeyd olunan birləşmənin partlaması havaya buraxılan
elementlərin tez bir zamanda yox olmasına səbəb olur, amma buna
baxmayaraq güclü çirkləndiricilər sonradan da problem yarada
bilər.
"Əgər partlayış nəticəsində yaranan tüstüyə diqqət etsən, qan kimi
qırmızı olduğunu görərsən. Bu azot oksidlərinin çirkləndiriciləri
səbəbindən yaranıb", – deyə professor qeyd edib.
Son məlumatlara görə, Beyrutda baş vermiş partlayış nəticəsində 100
nəfər həlak olub və 4000 nəfər yaralanıb. Ölkədə üç günlük matəm
elan edilib. Eyni zamanda, prezident Mişel Aun bu günə hökumət
iclası təyin edib. İclasda 2 həftəlik fövqəladə vəziyyətin müzakirə
ediləcəyi bildirilir.
Ölkənin baş nazirinin sözlərinə görə, hadisəni törədənlər "əvəzini
ödəyəcəklər".