Marneulidə 7 ay ərzində 648 nəfərə quduzluğa qarşı peyvənd vurulub
14:53 / 07.08.2020
Marneuli bələdiyyəsindəki tibb müəssisələrində yeddi ay ərzində
quduzluğa qarşı 648 peyvənd vurulub. Marneulinin “Aversi”
klinikasından “Marneuli” radiosuna bildirdilər ki, yanvar ayından
bu günə qədər 255 nəfərə it dişlədiyinə görə peyvənd vurulub.
Quduzluğa qarşı peyvənd vurulan daha bir tibbi müəssisə Marneulinin
“Geo Hospitals” klinikasıdır. Klinikadan bildirdilər ki, bu günə
qədər quduzluğa qarşı ümumilikdə 393 peyvənd vurulub.
Onlardan əksəriyyəti it dişləməsi faktı ilə bağlıdır. Hər iki tibb
müəssisəsinə Marneulidən əlavə Kvemo Kartlinin başqa
bələdiyyələrindən də müraciət edirlər. Qeyd edək ki, Marneuli
bələdiyyəsində bu günə qədər sahibsiz itlər problemi qalmaqdadır.
Onların əksəriyyətində sarı rəngli damğa da yoxdur ki, qismən də
olsa təhlükəsiz olduqları hiss olunsun. Sahibsiz itlər dəstə
şəklində gəzirlər. Əksər hallarda yaşayış korpuslarının, bazarın
qarşısında və restoranların yanında olurlar. Bu kimi vəziyyət
şəhərin demək olar bütün küçələrində mövcuddur. Əhali bir çox it
dişləməsi faktını qeyd edir.
Son bir neçə ildir ki, Marneuli meriyası itlərin sığınacağı üçün
tender elan edir və illərdir tenderdə “Vektra” MMC qalib gəlir.
2020-ci ilin tenderində şirkət yerli özünüidarəyə işləri 21 000
lariyə görməyi təklif edib və işləri bir il ərzində həyata
keçirəcək. Sahibsiz qalmış 211 itin sığınacağa aparılması (lazım
olan halda eftanaziya və basdırılması) xidmətini şirkət mərhələli
şəkildə həyata keçirəcək. Qeyd olunan şirkətin sığınacağı Ozurgeti
bələdiyyəsindədir.
“Marneulidən sonuncu dəfə 22 iyul tarixində 18 it
apardıq. Geri 3 avqust tarixində qaytardıq. 22 iyuldan sonra
Marneuli bələdiyyəsindən itlər gətirməmişik. Tenderə görə, bizim
qrafikimiz var. Hansı tarixdə getməli olduğumuz qeyd olunub. Meriya
ilə razılaşırıq və elə gedirik”, – Ozurgeti
sığınacağının baytarlarından biri dedi.
Biz 2020-ci il ərzində yerli özünüidarə 211 sahibsiz itdən artığına
xidmət göstərə bilib-bilməyəcəyi ilə maraqlandnıq. Meriyadan
bildirdilər ki, bələdiyyədə tenderlə nəzərdə tutulmuş xidmətin
limiti başa çatmayıb. Lazım olan halda mövcud olan rəqəmi 10%
artıra bilərlər. Ancaq indiki mərhələdə buna ehtiyac görmürlər.