Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin keçmiş İcraçı
direktoru Aygül İsyayeva bu gündən etibarən rəsmi olaraq
İnteqrasiya Mərkəzində olan vəzifəsini tərk edir.
1 ildən artıqdır ki, Marneulidə fəaliyyət göstərən mərkəzin keçmiş
direktoru Aygül İsayeva “Marneuli” radiosu ilə söhbəti zamanı
vəzifəsini tərk etdiyi günə qədər gördüyü işlər barədə məlumat
verdi. O, mərkəzdə bir çox işlərin görüldüyünü, gənclərlə daim
ünsiyyətdə olduqlarını və hər dəfə gənclərin marağını cəlb etmək
üçün faydalı yeniliklər etdiklərini bildirdi.
“İnteqrasiya Mərkəzində çox böyük işlər görüldü. Hər
gün bizdə hansısa bir tədbir, yığıncaq olurdu. İlk olaraq 7 kursla
başladıq. Fəaliyyətimizi yalnız kurslarla məhdudlaşdırmadıq.
Layihədə nəzərdə tutulmayan, imkanımızın olduğu qədər fərqli işlər
də görməyə çalışdıq. “Gənc Liderlər” adlı yay və qış məktəbi təşkil
etdik. Müxtəlif mövzular üzrə Beynəlxalq və yerli təşkilatların
nümayəndələri ilə gəncləri görüşdürdük. “Era” teatrı ilə
qısametrajlı layihəmiz oldu. Yunus Əmrə oxuculuq kursuna başladıq
Gəncləri tarixi yerlərə aparırdıq ki, kitabda oxuduqları ilə
kifayətlənməsinlər və əyani olaraq da tanış olsunlar. Gəncləri həm
azərbaycanlıların tarixini əks etdirən, həm gürcü xalqına məxsus
olan muzeylərə apardıq. Gənclər heç vaxt mərkəzə boş-boşuna
gəlməyiblər. Həmişə nəticə artıb. Könüllülər qrupumuz da var idi,
hər həftə yığıncaqlar, debatlar olurdu.”
İsayeva deyir ki, Marneuli və Bolnisi bələdiyyələri daxil olmaqla
ümumilikdə mərkəzdə 600 tələbə təhsil alıb. O, gənclərlə işləməyin
maraqlı olduğunu bildirdi. İsayeva tələbələrlə münasibətinin səmimi
olduğunu və vəzifəsini tərk etməsi xəbərindən sonra bir çox
tələbənin işdən uzaqlaşmaması üçün onunla əlaqə saxladığını
dedi.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin yeni icraçı
direktoru haqqında da danışan Aygül İsayeva yeni direktorun mərkəzə
doğma olduğunu dedi. O, yeni icraçı direktorun GAİM-in idarə
heyətinin üzvü və həmtəsisçilərindən biri olan, şair, yazıçı,
publisist, tərcüməçi Rafiq Hümmətin təyin edildiyini bildirdi.
İsayeva Rafiq Hümmətin təcrübəsinin çox olduğunu və məktəbdə də
işlədiyi üçün müəllim və tələbələrlə ünsiyyətinin yaxşı olduğunu
bildirdi. O, Rafiq Hümmətin təcrübəsinin onun təcrübəsindən daha
çox olduğunu dedi.
Gələcək planları barədə sualı da cavab olaraq İsayeva gələcəklə
bağlı planlarının çox olduğunu və hələ ki, bu barədə danışmaq
istəmədiyini dedi.
Qeyd edək ki, 2019-cu ilin aprelində Kvemo Kartlinin 5
bələdiyyəsindən olan 5 nəfər gənc tərəfindən açılan mərkəzdə
tələbələrə Azərbaycan dili, gürcü dili, ingilis dili, Gürcüstan,
Azərbaycan və dünya tarixi, gimnastika və cüdo kursları, eləcə də
fərqli aktivliklər, maarifləndirici görüşlər təqdim olunur.
Mərkəz Gürcüstan Azərbaycanlılarının inteqrasiyasına dəstək olmaq
məqsədi ilə açılıb.