Xəbər verdiyimiz kimi, Şuşada yeni məscidin təməli qoyulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə
iştirak ediblər.
Səhərdə inşa ediləcək yeni məscidin forması 8 rəqəmini əks
etdirəcək. Bu, 2020-ci ildə noyabrın 8-də Şuşanı işğalçılardan azad
olunması və həmin tarixin Azərbaycanda artıq rəsmi olaraq Zəfər
Günü olması ilə bağlıdır. Məscidin iki minarəsi 11 rəqəmini əks
etdirməlidir.
Qeyd edək ki, məscidin daxili dizaynı ilə bağlı təkliflər hələ tam
hazır deyil. Ancaq konseptual olaraq məscidin memarlığı 8 noyabr
gününü əks etdirəcək.
Gümbəzi mozaika ilə bəzədiləcək məscidin layihələndirilməsi
İtaliyanın “Simmetrico” şirkətinin iştirakı ilə azərbaycanlı və
italyan memarlarla birgə həyata keçirilib. Məscidin xarici səthi
Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi
naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və
uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni
vurğulayacaq.
Layihələndirmə səkkiz rəqəminin həndəsi proyeksiyalarını
təkrarlayacaq, məscidin daxili ilə xarici görünüşü arasında əlaqə
yaradacaq.
Xatırladaq ki, bir zamanlar Şuşada 17 məscid olub, lakin ermənilər
onların hamısını dağıdıb.
Mənbə: report.az