“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə
iqtisadi layihələrin həyata keçirilməsini
şərtləndirir”.
Bunu Antalya Diplomatiya Forumunun Cənubi Qafqaz: “Regional sülh və
əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edən Gürcüstan
Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani
deyib.
O, bildirib ki, bölgə ölkələri xarici təhlükəsizlik çağırışları ilə
əlaqədar dinamik şəkildə dəyişən mühitə adaptasiya olmalı və ona
sürətli reaksiya verməlidir:
“Bu çox unikal regiondur
və onun geosiyasi, geostrateji əhəmiyyətli infrastruktur
layihələrini inkişaf etdirmək üçün nəhəng imkanları var. Regional
əməkdaşlığı inkişaf etdirmək Gürcüstan üçün və inanıram ki, bizim
qonşu ölkələr üçün prioritetdir. Bizim Azərbaycanla əla
əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim
strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın
əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə
arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz
Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTƏ),
Bakı-Tbilisi-Qars (BTQ), Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi
layihələrdə kollektiv şəkildə iştirak edirik və bu əməkdaşlığın
praktiki nümayişidir. Ona görə də, biz regionda digərlərinə, erməni
həmkarlarımıza da mesaj göndəririk ki, Gürcüstan, Azərbaycan və
Ermənistan üçlü formatda işləməyə hazırıq... İqtisadi əhəmiyyətli
layihələr olmadan regionda sabitlik yoxdur. Sabitlik olmadan
inkişaf və rifah yoxdur”.
David Zalkaliani vurğulayıb ki, Gürcüstan öz resurslarının məhdud
olduğunun fərqindədir, lakin, onun Azərbaycan və Ermənistan
arasında əldə edilən sonuncu razılaşmada oynadığı rol gələcəkdə
daha yaxşı nəticələrin əldə edilməsi baxımından ümid yaradır.
O, əlavə edib ki, bu razılaşma üçtərəfli əməkdaşlıq baxımından
yaxşı başlanğıcdır. XİN başçısı trio formatında əməkdaşlığın
Ermənistanda keçirilən parlament seçkilərindən sonra da davam
etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
Mənbə: apa.az